Bakı Forumunda turizm üzrə sessiya keçiriləcək
   
   Fevralın 1-də İspaniyanın Madrid şəhərində, Dünya Turizm Təşkilatının qərargahında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və təşkilatın baş katibi Taleb Rifai arasında görüş keçirilib. 

   Həmin gün DTT-nin baş katibi Taleb Rifai, icraçı direktoru Zoltan Şomoqi, digər rəsmi şəxslər, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti, ölkəmizin İspaniyadakı səfirliyinin təmsilçisinin iştirakı ilə geniş tərkibdə daha bir görüş keçirilib.
   Görüşdə 29 may - 1 iyun 2013-cü il tarixində Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilməsi nəzərdə tutulan II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində DTT tərəfindən turizm sahəsi üzrə sessiyanın keçirilməsi və həmin sessiyaya quruma üzv ölkələrin turizm nazirlərinin dəvət edilməsi, Azərbaycanda elektron viza sisteminin tətbiqinə DTT-nin texniki dəstək göstərməsi, Mədəniyyət və Turizm Nazirliyi və DTT arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən digər layihələr müzakirə edilib.
   Qurum tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə göstərilən texniki dəstəyin əhəmiyyəti qeyd olunub. Məlum olduğu kimi, hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Turizm haqqında” yeni qanun layihəsi hazırlanıb. Layihənin yerli ekspertlərlə və digər rəsmi qurumlarla müzakirəsi üçün 3-12 fevral tarixində DTT-nin eksperti Bakıda səfərdə olacaq.
   Görüşdə həmçinin Almaniya paytaxtında keçiriləcək \"İTB Berlin\" beynəlxalq turizm sərgisi zamanı DTT tərəfindən təşkil olunacaq İpək Yolu ölkələrinin turizm nazirlərinin görüşündə Əbülfəs Qarayevin iştirakı, habelə Bakıda keçirilməsi nəzərdə tutulan İpək Yolu üzrə işçi qrupun görüşü və \"Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı\" çərçivəsində 3-cü seminarla bağlı fikir mübadiləsi aparılıb.