Mədəniyyət və turizm şöbələri və turizm informasiya mərkəzlərinin rəhbərləri üçün kurslar təşkil olunub
   
   Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü, Azərbaycan Turizm İnstitutu (ATİ) və «Turizmin İnkişafına Dəstək» İctimai Birliyinin təşkilatçılığı ilə fevralın 4-də adı çəkilən təhsil ocağında rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin (idarələrinin) və turizm informasiya mərkəzlərinin rəhbərləri üçün seminar-treninqlər başlayıb.
   
   «Regionlarda turizmin inkişafı» mövzusunda treninqlərin ilk günü mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev, ATİ-nin rektoru Cəfər Cəfərovun iştirakı ilə tədbir keçirilib.
   Tədbirdə çıxış edən Nazim Səmədov bildirib ki, ölkəmizdə yeni infrastruktur layihələri həyata keçirilir, beynəlxalq şəbəkəyə daxil olan hotellər və turizm obyektləri açılır. Bu turizm obyektlərində çalışmaq üçün işçi qüvvəsinin peşəkarlıq səviyyəsi yüksəldilməlidir. Regionlarda turizmin inkişafına nail olmaq üçün rayon mədəniyyət və turizm şöbələrinin üzərinə böyük iş düşür. Onlar hər bir bölgəyə xas olan müxtəlif festivallar təşkil etməli, mədəniyyət müəssisələrinin turizm firmaları ilə yaxından əməkdaşlığına nail olmalıdır.
   ATİ-nin rektoru Cəfər Cəfərov qeyd edib ki, rayon şöbələri əməkdaşlarının tarixi-mədəni abidələrin qorunması sahəsi üzrə sovet dövründən qalan təcrübəsi var. Amma digər tərəfdən, turizm sahəsi sürətlə inkişaf edir: «Regionların turizm potensialını ortaya qoymaq, əsaslandırıb dövlət proqramlarına salmaq, rayona gələn investorları maraqlı ideyalarla turizm potensiallı ərazilərə yönəltmək, yaxşı bir turizm məhsulunun ortaya çıxarılmasına vəsilə olmaq baxımından bu biliklər yetərli deyil. Bu baxımdan Turizm İnstitutu nazirliyin Turizm şöbəsi ilə birlikdə rayonların mədəniyyət və turizm idarələrinin əməkdaşları üçün silsilə seminar-treninqlər təşkil edib. Bu həm Bakıda, həm də regional müşavirələr formasında davam edəcək. Seminar-treninqlərdə ölkənin bu sahədə ümumi siyasi kursunu müəyyənləşdirən mövzularla yanaşı, daha konkret məsələləri əhatə edən təlimlər keçiriləcək».
   ATİ-nin prorektoru Eldar Aslanov təlimlərlə bağlı qəzetimizə ətraflı məlumat verdi. Bildirdi ki, seminar-treninqlərin proqramı və mövzuların müəyyənləşdirilməsi üçün qonşu Rusiyanın təcrübəsinə müraciət olunub, bu məqsədlə müxtəlif ədəbiyyatlar əldə edilib, onların əsasında Turizm şöbəsinin mütəxəssisləri ilə birlikdə konsepsiya hazırlanıb: «Azərbaycanın 40 turizm potensiallı rayonunun şöbə müdirləri və 9 rayonun turizm-informasiya mərkəzinin rəhbərlərinin cəlb olunduğu kurslar fevralın 4-dən 8-dək davam edəcək. Təlimlər ATİ-nin mütəxəssisləri tərəfindən 4 başlıqda keçirilir. Bu heyətə aprel ayında ikinci həftəlik təlim də keçiriləcək. Əvvəlcə iştirakçıların mövzu ilə bağlı məlumatlılığı yoxlanılır. Burada söhbət kiməsə nəyisə öyrətməkdən getmir. Söhbət ondan gedir ki, bu sahədə yeni hansı nailiyyətlər var və necə etmək olar ki, rayonlarda mədəniyyət və turizm şöbələrinin fəaliyyətini inkişaf etdirək. Seminarlar dövlətin turizm siyasəti, turizm sahəsində həyata keçirilən tədbirlər, Dünya Turizm Təşkilatının Azərbaycanla əməkdaşlığı, ölkəmizin iqtisadiyyatında turizmin yeri və rolu, regionların inkişafına turizmin təsiri, turizm-rekreasiya zonalarının yaradılması, ayrı-ayrı turizm destinasiyalarının marketinqi, inkişafı və təbliği, kənd-yaşıl turizminin inkişaf yolları və s. mövzuları əhatə edir. Mədəniyyət və turizm şöbələrində hər bir rayonun kəndləri barədə ətraflı informasiya bankı olmalı, kəndlərdə turistlərə kirayə üçün verilən evlər, o ərazidə neçə tarixi abidənin, görməli yerin olması və s. məlumatlar orada yerləşməlidir”.
   Prorektor bildirdi ki, növbəti mərhələdə rayonlarda diyarşünaslıq muzeylərinin işçiləri, turizm informasiya mərkəzlərinin bələdçiləri üçün də bu təlimlər keçiləcək: «Bundan əlavə, rayon mədəniyyət və turizm şöbələrinin və icra hakimiyyətlərinin birgə təqdim etdiyi siyahı əsasında hər rayon üçün qısamüddətli bələdçi kursları təşkil edəcəyik. Bu gün yerlərdə qonaqlara bələdçilik etmək üçün yetərli sayda adamımız yoxdur. Amma rayonlarda nə qədər cavan, savadlı tarix, coğrafiya müəllimlərimiz var. Onların içərisində müxtəlif xarici dilləri bilənlər az deyil. Fikrimiz var ki, hər rayondan belə insanları seçək, onlara bələdçi işinin texnikası ilə bağlı incəlikləri izah edək”.
   Qeyd edək ki, seminar-treninqlərin sonunda iştirakçılara Mədəniyyət və Turizm Nazirliyinin və ATİ-nin birgə sertifikatı təqdim olunacaq.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar