Sentyabrın 7-də Ankarada Türk Ağsaqqalları Birliyi və Türkiyədəki Azərbaycan İş Adamları Birliyinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Türkiyə – Türk dünyası yüz ili: siyasi, iqtisadi əlaqələrdə yeni yanaşma modeli” adlı konfrans keçirildi.

Tədbirdə iki ölkənin millət vəkilləri, ictimai xadimləri, iş adamları iştirak edirdilər.

Azərbaycan Milli Məclisinin üzvü, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsənin moderatorluğu ilə keçirilən konfrans Azərbaycan və Türkiyənin himnlərinin səslənməsi ilə başladı. Heydər Əliyevin 100 və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş videoçarx nümayiş olundu.

Türk Ağsaqqalları Birliyinin sədri, professor Sudeif İmamverdiyev və Türkiyədə Azərbaycan İş Adamları Birliyinin rəhbəri Elşən Quliyev konfrans iştirakçılarını salamladılar.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini Efkan Ala çıxış edərək Azərbaycan-Türkiyə münasibətlərində Heydər Əliyevin tarixi xidmətlərini vurğuladılar, bu münasibətlərin ən yüksək tərəfdaşlıq – müttəfiqlik səviyyəsinə qalxmasında dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin müstəsna rolunu qeyd etdilər.

Konfransda Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, TBMM-nin Ərzurum millət vəkili, Türkiyənin Avropa Şurasının Parlament Assambleyasında nümayəndə heyətinin üzvü professor Kamil Aydın iki qardaş ölkənin ötən əsrin əvvəllərində yaşadıqları çətinliklərdən, keçdikləri tarixi sınaqlardan bəhs etdi.

Bildirdi ki, qardaş xalqlarımız, indi olduğu kimi, o dövrdə də “birlikdən güc doğar” prinsipi ilə bir-birinə yardım əli uzadıblar. Azərbaycan Cümhuriyyəti qurulanda ona ən böyük dəstək Türkiyədən gəldi. O zaman Azərbaycanın istiqlalı təhdidlərlə üzləşəndə Türkiyə də dörd yandan hücuma məruz qalmışdı. Müstəqillik mücadiləsi verdik. Bizi param parça etmək istədilər. Qardaşlığımıza sərhəd çəkdilər. Amma heç bir zaman xəyallarımızdan vaz keçmədik. Sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan qardaş Türkiyə ilə güclərini birləşdirdi və xəyallarımız gerçək oldu.

Millət vəkili Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı səviyyəsindən söz açdı: “Türk dünyasının ağsaqqalı, mərhum Heydər Əliyev bizim xəyallarımızı daha da konkretləşdirdi: “İki dövlət, bir millət” dedi. Bu gün “birimiz hamımız üçün, hamımız birimiz üçün” deyib eyni prinsiplə hərəkət edirik. Bu amal üçün yenə birlikdəyik və heç bir qüvvə bizim bu birliyimizə mane ola bilməz”.

Azərbaycanın Qarabağ zəfərinə toxunan Kamil Aydın bundan bütün Türk dünyasının qürur duyduğunu qeyd etdi. “Daha Qara dəniz həyəcanla çırpınmır, bayraqları qolsa dalğalanan qardaş dövlətlərimizin uğurlarına şahidlik edir. Çünki liderlərimiz tərəfindən ortaya birgəlik, ortaq baxış hədəfi qoyuldu. Çox işlər görüldü və daha da görüləcək. Buna kifayət qədər potensialımız var. Türkiyə ilə Azərbaycanın xəyalları gerçək oldu, amma yeni doğan arzuları da reallaşdırmaq üçün daha çox çalışmalıyıq, qardaşlığın yeni zirvələrinə çatmalıyıq...”.

Konfransda daha sonra Milli Məclisdə Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, professor Rəşad Mahmudov, iki ölkənin iş adamları da çıxış etdilər.

Sonda tədbirin fəxri qonaqlarına təşkilatçılar adından təşəkkür plaketləri təqdim olundu.

Mehparə Sultanova
Ankara