Layihənin növbəti təqdimatı “Çıraqqala-Şabran” qoruğuna həsr olunub
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən “İrsimizi tanıyaq və qoruyaq” layihəsinin növbəti təqdimatı “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əhatə etdiyi abidələrə həsr olunub. Qoruq haqqında məlumatlar Azərbaycan və ingilis dillərində təqdim edilir.
Məlumatda bildirilir ki, Şabran (keçmiş Dəvəçi) rayonu ərazisindəki Çıraqqala, Beşbarmaq və yaxud Xızırzində qala-qayası, Gilgilçay səddi, onun üzərindəki Şəhərgah yaşayış məskəni qədim tariximizi özündə yaşadan abidələrdəndir. Dünya əhəmiyyətli Çıraqqala abidəsi Gilgilçay səddi ilə birlikdə IV-V əsrlərdə hündür qaya üzərində inşa edilib.
Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarətdir. Düzbucaqlı formasında olan qala əsasən yerli daşlardan və bişmiş kərpicdən tikilib. Divarların hündürlüyü təxminən 8-10 metr, qalınlığı 3-4 metrdir. Qala qapısından bir qədər aralıda su anbarı yerləşir. Saxsı borular onu deməyə əsas verir ki, su bu ovdana yaxınlıqdakı dağ çeşmələrindən gətirilib. Qarşıdan görünən təxminən 150 metr hündürlüyündə sıldırım qayanın zirvəsindəki daş bürc isə müşahidə və siqnal məqsədilə tikilib. Burada dayanan keşikçilər Beşbarmaq dağından şimala doğru təxminən 100 km dəniz sahili ərazisini nəzarətdə saxlaya biliblər.
Sovetlər dövründə baxımsızlıq üzündən qala bir neçə yerdən dağıntıya məruz qalıb. Prezident Heydər Əliyevin 23 iyun 2003-cü il tarixli sərəncamına əsasən, “Çıraqqala”, 27 sentyabr 2003-cü il tarixli sərəncamla isə “Şabran” qoruqları yaradılıb. Bundan sonra abidələrdə geniş araşdırma işləri aparılıb.
Qədim Şabran şəhərinin təqribən 2500 yaşı var. Arxeoloji qazıntılar zamanı ərazidə şüşə emalatxanaları, V əsrə aid çörəkbişirmə, qızıl, mis və digər metallardan pul kəsilən sexlər, şəhərin 8 bürcünün, XV əsrdə çəkilmiş su xəttinin qalıqları aşkar edilib. Şabran qədim Azərbaycan dövləti Qafqaz Albaniyası zamanı massagetlərin siyasi paytaxtı, bir müddət Şirvanşahlar dövlətinin mərkəzi olub. Böyük Azərbaycan şairi Əfzələddin Xaqani (1120-1190) Şirvanşah Axsitanın qəzəbinə tuş gələndə Şabran qalasında həbsə salınıb və məşhur “Həbsiyyə” əsərini də burada qələmə alıb.
Prezident İlham Əliyevin 22 oktyabr 2019-cu il tarixli sərəncamı ilə “Çıraqqala” və “Şabran” qoruqları birləşdirilərək “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.
“Çıraqqala-Şabran” qoruğu 7 tarixi abidəni özündə birləşdirir. Onlardan 3-ü dünya əhəmiyyətlidir. Dünya əhəmiyyətli abidələrdən ikisi memarlıq (Çıraqqala və Gilgilçay səddi), biri isə arxeoloji (qədim Şabran şəhəri yeri) abidədir.
Çıraqqala abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi məqsədilə dövlət başçısının 2019-cu il 15 yanvar tarixli sərəncamı ilə vəsait ayrılıb. Həmin ilin may ayından abidədə möhkəmləndirmə və bərpa-konservasiya işlərinə başlanılıb və bu istiqamətdə işlər davam etdirilir.