Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
1995-ci il 17 dekabr
Prezident Heydər Əliyev Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Xalq şairi Nəbi Xəzrinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb və 70 illik yubileyi münasibətilə şairi təbrik edib.
“Sizin bəşəri duyğuları vəsf edən şeir və poemalarınız, xalqımızın qəhrəmanlıq tarixini tərənnüm edən səhnə əsərləriniz insanlarda ruh yüksəkliyi və gələcəyə sarsılmaz inam doğurur. Tükənməz ilhamla yaratdığınız əsərlərdə həmişə mənəviyyat problemləri ön planda durmuş, yaşadığımız dövrün, zamanın nəbzi duyulmuşdur”, – deyə təbrik məktubunda bildirilirdi.
Həmin gün Xalq şairi Nəbi Xəzrini qəbul edib.
1995-ci il 19 dekabr
Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə yazıçı Yusif Səmədoğlunun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb və 60 illiyi münasibətilə yazıçını təbrik edib.
“Gülüstan” Sarayında Yusif Səmədoğlunun yubiley mərasimində çıxış edib.
“...Yusif Səmədoğlu bizim millətimizin xoşbəxt insanlarından biridir. Çünki o, böyük şair, böyük insan Səməd Vurğunun oğludur... Ancaq bununla yanaşı, bu kökün üstündə böyüyüb atasının yolunu davam etdirmək və cəmiyyətdə özünəməxsus yer tutmaq, – bu, böyük xoşbəxtlikdir.
...Yusifin yaratdığı əsərlər haqqında, onun milli ədəbiyyatımızın, mədəniyyətimizin inkişafında xidmətləri haqqında burada deyildi. Eyni zamanda Yusif atası kimi böyük ictimai xadimdir. 1990-cı ilin yanvar hadisələri xatirimdədir. O vaxt mən Moskvada da çox məhdud şəraitdə yaşadığıma görə məlumat almaq çətin idi... “Azadlıq” radiostansiyasının verilişlərini tutdum... Yusif Sovetlər qoşun hissələrinin Bakıya girməsini “Azadlıq” radiostansiyasına telefonla nə qədər həyəcan hissi ilə bildirirdi... Azərbaycanın o ağır dövründə Yusif Azərbaycanın milli mənliyini qorumaq sahəsində çox fədakar şəxslərdən biri idi...
Burada Elçin 70-ci illəri, onun sözü ilə desək, nostalgiya ilə xatırladı. Doğrudan da, o illərdə 60-70-ci illərdə ədəbiyyata, mədəniyyətə gəlmiş gözəl bir nəsil indi artıq ədəbiyyatımızın, mədəniyyətimizin aparıcı qüvvələridir: Yusif də, Anar da, Maqsud da, Elçin də, başqaları da. Ona görə də o illəri xatırlamağa əsas var. Ancaq bu günlər indiyədək yaşadığımız dövrlərin bəlkə də hamısından qiymətlidir. Çünki biz indi milli azadlığa çıxmışıq, dövlət müstəqilliyini əldə etmişik. Yaşayışımız çətindir, ağırdır. Bilirəm ki, mədəniyyət xadimləri üçün də çətindir. Amma bunların hamısının müqabilində bizim böyük nailiyyətimiz var: Azərbaycanın dövlət müstəqilliyi.
Şəxsən mən istəyirəm ki, bu çətinliklərdən tez çıxaq və bunun üçün çalışırıq. Ancaq xatirinizə salın – böyük şairimiz Mirzə Ələkbər Sabir hansı vəziyyətdə yaşayırdı və hansı ağır ehtiyaclar içində dünyadan getdi. Yaxud böyük mütəfəkkir, yazıçı Cəlil Məmmədquluzadə hansı şəraitdə yaşayırdı. Ancaq onların adı, yaradıcılığı, qoyduqları irs yaşayır və biz bunlarla fəxr edirik.
Bu günümüzü gələcəyə aparan ziyalılarımız, mədəniyyət, elm xadimlərimiz, xalqın qabaqcıl adamları – həm bugünkü, həm də gələcək nəsil olacaqdır. Bu adamların içərisində görkəmli yazıçılarımız, bəstəkarlarımız, alimlərimiz, rəssamlarımız, incəsənət xadimlərimiz daim qiymətli olacaq və biz əlimizdən gələni edəcəyik ki, onların yaratması, yaşaması üçün şərait yaradılsın...”.
1995-ci il 23 dekabr
Görkəmli rus şairi Sergey Yeseninin 100 illiyinə həsr olunmuş gecədə iştirak edib.
1995-ci il 25 dekabr
İctimai-siyasi xadim, yazıçı-dramaturq Şıxəli Qurbanovun 70 illiyi münasibətilə keçirilən yubiley gecəsində iştirak edib.
1995-ci il 27 dekabr
Xalq şairi Osman Sarıvəllinin 90 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak edib.
1995-ci il 30 dekabr
Səttar Bəhlulzadə adına sərgi salonunda 9 yaşlı rəssam Əli Cəfərin sərgisinin açılışında çıxış edib.
“...İncəsənətdə həmişə rəqabət var. Doğrudur, bəzən bu, paxıllıq kimi hissləri də meydana çıxarır, qısqanclıq doğurur. Amma bunlar hamısı keçicidir, ayrı-ayrı adamlar arasında olan münasibətlərdir. Ancaq ümumi işimizin mənasına baxanda, bunlar hamısı yeni əsərlərin yaranmasına gətirib çıxarır. Ona görə də doqquz yaşlı uşağın bu cür sərgisini görəndə gərək bizim təcrübəli rəssamlarımız düşünsünlər ki, onlar bir müddətdən sonra yeni sərgi təqdim etsinlər və biz də deyək ki, bəli, təcrübəli rəssamlar da çalışırlar, yeni gələn nəsillər də rəssamlıq sənətini inkişaf etdirir.
Sənət dünyasına yeni gəlmiş, artıq özünü çox gözəl təqdim edən rəssamı təbrik edirəm... Bilirsiniz, tarix belə hadisələrin də şahididir ki, bəzən parlaq istedadlar sonra müəyyən səbəblərdən sönürlər. Bu istedadı sönməyə qoymaq olmaz. Güman edirəm ki, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və başqa müvafiq təşkilatlar bu rəssam uşağın gələcək inkişafı üçün lazımi şərait yaradacaqlar...”.
1996-cı il 26 yanvar
Əməkdar elm xadimi, tarixçi Sara Aşurbəylini 90 illiyi münasibətilə təbrik edib. “Sizin tarixi həqiqətlərə istinad edən fundamental elmi tədqiqatlarınız Azərbaycan elminə sədaqətlə xidmətin parlaq nümunəsidir”, – deyə təbrikdə vurğulanırdı.
1996-cı il 29 yanvar
Görkəmli alim Sara Aşurbəylinin 90 illiyinə həsr olunmuş gecədə iştirak edib.
Hazırladı: Vüqar Orxan