Fevralın 7-də Naxçıvan Özəl Universitetinin rektoru, professor İsmayıl Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Turizm İnstitutunda olub.
   
   Qonaqlarla geniş tərkibli görüşdə institutun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi təhsil ocağının inkişaf strategiyasını detallı şərh edib. ATİ-nin dünyanın nüfuzlu universitetləri ilə bağlanmış akademik əməkdaşlıq və mübadilə müqavilələrinin turizm sahəsi üzrə ixtisaslı kadr hazırlığına müsbət təsiri olduğunu deyib. Rektor ATİ ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında həm bakalavr, həm də magistr pilləsi üzrə kadr hazırlığı sahəsində akademik müqavilə və saziş imzalandığını diqqətə çatdırıb.
   Naxçıvan Özəl Universitetinin rektoru, professor İsmayıl Əliyev rəhbərlik etdiyi müəssisənin Azərbaycan paytaxtından kənarda yerləşən yeganə özəl ali təhsil ocağı olduğunu, burada 14 ixtisas üzrə 200 tələbənin təhsil aldığını bildirib. Qonaq ATİ-nin təhsil-təlim, təcrübə-tədqiqat sahəsində qazandığı uğurlardan bir təhsil müəssisəsi olaraq bəhrələnə biləcəklərini xüsusi qeyd edib.
   Sonda ATİ və Naxçıvan Özəl Universiteti arasında təhsil, elm və mədəni əməkdaşlığa dair müqavilə imzalanıb. Bu, ATİ ilə ölkə dövlət və özəl universitetləri arasında bağlanmış ilk əməkdaşlıq müqaviləsidir.
   
   Fəxriyyə Abdullayeva