Azərbaycan
16 sentyabr 1909 – Azərbaycanın ilk kino aktrisalarından olan İzzət Mirzəağa qızı Orucova (1909 – 22.4.1983) Bakıda doğulub. “Sevil” (1929), “Almaz” (1936) filmlərində baş rollarda çəkilib. Sonralar tanınmış kimyaçı alim, Azərbaycan Elmlər Akademiyasının akademiki olub.
16 sentyabr 1934 – Əməkdar incəsənət xadimi, pianoçu, professor Elmira Yusif qızı Səfərova (1934-1997) Bakıda anadan olub.
16 sentyabr 1995 – Prezident Heydər Əliyev görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
16 sentyabr 2000 – Əməkdar incəsənət xadimi, rejissor Nazim Hüseynqulu oğlu Abbasov (14.12.1938 – 2000) vəfat edib. Bədii (“Dvorjakın melodiyası”), sənədli və televiziya filmlərinin rejissoru olub.
16 sentyabr 2002 – Tanınmış aktyor Bahadur Atabala oğlu Əliyev (24.2.1933 – 2002) vəfat edib. “Ulduz”, “Böyük dayaq” və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib.
16 sentyabr 2014 – Prezident İlham Əliyev tanınmış şair, Dövlət mükafatı laureatı Rəfiq Zəka Xəndanın 75 illik yubileyi haqqında sərəncam imzalayıb.
16 sentyabr 2021 – Əməkdar mədəniyyət işçisi, dirijor Nizami Tahir oğlu Məmmədov (21.9.1947 – 2021) vəfat edib.
17 sentyabr 1946 – Xalq artisti, müğənni Səməd Səmədov (1946 – 24.7.2021) anadan olub.
17 sentyabr 1950 – Əməkdar mədəniyyət işçisi, tanınmış xalça ustası Zəhra Gülbala qızı Əliyeva (1950 – 25.5.2023) Bakıda anadan olub.
17 sentyabr 1956 – Rəssam, heykəltəraş Müslüm Ömər oğlu Eldarov (1956-2003) Bakıda doğulub. Bakı İncəsənət Mərkəzinin (“Yeni Gallery”) yaradıcılarından biri olub.
17 sentyabr 2004 – Teatr rejissoru, Əməkdar incəsənət xadimi Məbud İbrahim oğlu İsmayılzadə (24.3.1927 – 2004) vəfat edib. Lənkəran Dram Teatrının bədii rəhbəri və direktoru olub.
17 sentyabr 2013 – Parisdə, UNESCO-nun mənzil-qərargahında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illiyinə həsr edilmiş tədbirlər keçirilib.
17 sentyabr 2014 – Xalq artisti, vokal ifaçısı Eldar Balağa oğlu Axundov (15.3.1949 – 2014) vəfat edib. Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solisti olub.
18 sentyabr 1885 – Dahi bəstəkar, dramaturq, publisist, pedaqoq, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (1885 – 23.11.1948) anadan olub. Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın (“Leyli və Məcnun”, 1908), ilk operettanın (“Ər və arvad”, 1910) yaradıcısıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarının, “Əsli və Kərəm”, “Koroğlu” operalarının, Azərbaycanın Dövlət Himninin, romans və mahnıların müəllifidir. Bəstəkarın doğum günü milli musiqi bayramı kimi qeyd olunur.
18 sentyabr 1885 – Bəstəkar və dirijor, Əməkdar incəsənət xadimi Müslüm (Əbdülmüslüm) Məhəmməd oğlu Maqomayev (1885 – 28.7.1937) anadan olub. Üzeyir Hacıbəylinin yaxın sənət arxadaşı kimi Azərbaycan peşəkar musiqili teatrının yaranmasına töhfələr verib. “Şah İsmayıl”, “Nərgiz” operalarının, simfonik və vokal əsərlərinin müəllifidir. Opera və Balet Teatrının dirijoru, Azərbaycan Radiosunun musiqi şöbəsinin rəhbəri olub, “Radio marşı”nı yazıb.
18 sentyabr 1908 – Əməkdar mədəniyyət işçisi Məmməd Şahverdi oğlu Əmirov (1908-1986) Ağdam rayonunun Novruzlu kəndində doğulub. Füzuli və Ağdam teatrlarında aktyor, direktor işləyib.
18 sentyabr 1978 – Görkəmli aktyor, rejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Adil Rza oğlu İsgəndərov (5.5.1910 – 1978) vəfat edib. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib.
18 sentyabr 1988 – XX əsr Azərbaycan poeziyasının parlaq nümayəndəsi Məhəmmədhüseyn Şəhriyar (1905-1988) vəfat edib. Şair Təbriz yaxınlığındakı Xoşnigab kəndində doğulub, dəqiq təvəllüdü məlum deyil. Doğma Azərbaycan dili ilə yanaşı, fars dilində də şeir topluları yaradıb.
18 sentyabr 1994 – Bakıda böyük dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazinin (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə) xatirə muzeyi açılıb. Mərasimdə Prezident Heydər Əliyev iştirak edib.
18 sentyabr 1995 – Prezident Heydər Əliyev Üzeyir Hacıbəylinin şərəfinə 18 sentyabr – “Üzeyir Musiqi Günü”nün qeyd olunması haqqında fərman imzalayıb. Həmin gün dahi bəstəkarın 110 illiyi təntənəli mərasimlə qeyd olunub.
18 sentyabr 1996 – Bakıda, Respublika Sarayında görkəmli bəstəkar Müslüm Maqomayevin 110 illik yubileyinə həsr olunmuş təntənəli gecə keçirilib. Prezident Heydər Əliyev mərasimdə iştirak edib.
18 sentyabr 2008 – Prezident İlham Əliyev Bakı Musiqi Akademiyasına Üzeyir Hacıbəylinin adının qaytarılması ilə bağlı sərəncam imzalayıb.
18 sentyabr 2013 – Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışı olub. Memorial kompleks 1918-ci ildə erməni silahlı dəstələrinin Qubada qətlə yetirdikləri dinc əhalinin basdırıldığı kütləvi məzarlıq yerində yaradılıb.
18 sentyabr 2022 – Əməkdar mədəniyyət işçisi, teatrşünas, publisist Atababa İsmayıl oğlu Hacıbabayev (22.9.1947 – 2022) vəfat edib.
19 sentyabr 1973 – Tanınmış teatrşünas və ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Cəfər Haşım oğlu Cəfərov (7.9.1914 – 1973) vəfat edib. “Rejissor sənəti”, “Azərbaycan Dram Teatrı” və s. kitabların müəllifidir.
19 sentyabr 1992 – Görkəmli şərqşünas, filologiya elmləri doktoru adını almış ilk azərbaycanlı qadın-ərəbşünas, professor Aida Nəsir qızı İmanquliyeva (10.10.1939 – 1992) vəfat edib. Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru olub.
19 sentyabr 1995 – SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (15.5.1922 – 1995) vəfat edib. Operettaların, filmlərə musiqilərin, populyar mahnıların müəllifidir. 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.
19 sentyabr 2011 – Bakıda görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Fikrət Əmirovun abidəsinin (heykəltəraş – Namiq Dadaşov) açılışı keçirilib. Mərasimdə Prezident İlham Əliyev iştirak edib.
19 sentyabr 2016 – Əməkdar incəsənət xadimi, televiziya rejissoru Ələkbər Rauf oğlu Kazımovski (10.7.1953 – 2016) vəfat edib.
Dünya
16 sentyabr 1462 – İtalyan filosofu Pyetro Pomponassi (Pietro Pomponazzi; 1462-1525) anadan olub.
16 sentyabr 1888 – Finlandiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1939) laureatı Frans Emil Sillanpyya (Frans Eemil Sillanpaa; 1888-1964) anadan olub. Əsərləri: “Həyat və günəş”, “Adamlar yay gecəsində”, “Cavanlığında vəfat etmiş”.
16 sentyabr 2016 – Məşhur türk kinoaktyoru, yazar Tarık Akan (Tarık Tahsin Üregül; 13.12.1949 – 2016) vəfat edib.
17 sentyabr 1908 – Amerika yazıçısı, detektiv romanlar müəllifi Con Krizi (John Creasey; 1908-1973) anadan olub.
17 sentyabr 1931 – İtalyan əsilli Amerika aktrisası, “Oskar” laureatı Enn Benkroft (Anne Bancroft – Anna Maria Louisa Italiano; 1931-2005) anadan olub. Filmləri: “Məzun”, ”Nazaretli İsa”, “Əsgər Ceyn” və s.
17 sentyabr 1939 – Tanınmış rus aktyoru və rejissoru, Rusiyanın Xalq artisti Vladimir Valentinoviç Menşov (1939 – 5.7.2021) Bakıda anadan olub. Filmləri: “Moskva göz yaşlarına inanmır” (“Oskar” mükafatı, 1981), “Məhəbbət və göyərçinlər” (hər ikisində rejissor və aktyor) və s.
18 sentyabr 1905 – Dünya şöhrətli İsveç və Amerika kinoaktrisası, fəxri “Oskar” laureatı Qreta Qarbo (Greta Garbo – Greta Lovisa Gustafsson; 1905-1990) anadan olub. Filmləri: “Qrand-hotel”, “Mata Xari”, “Anna Karenina” və s.
19 sentyabr 1911 – İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1983) Vilyam Cerald Qoldinq (William Gerald Golding; 1911-1993) anadan olub. Əsərləri: “Milçəklərin hökmdarı”, “Sərbəst düşmə”, “Varislər”, “Piramida”, “Görünən qaranlıq” və s.
Hazırladı: V.Orxan