Avstriyanın Krems Univesitetində bir semestr təhsil alan tələbələr təəssüratlarını bizimlə bölüşdülər
Həvva Kərimli və Nərgiz Cəfərli Azərbaycan Turizm İnstitutunun turizm və hotelçilik fakültəsinin 3-cü kurs tələbələridir. Hər ikisi eyni zamanda Avstriyanın Krems Universitetində təhsil alır. Ötən semestri Avstriyada oxuyublar. Qeyd edək ki, bu tələbələrin bir semestr boyu Avstriyada təhsil alması Turizm İnstitutu ilə Krems Universiteti arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilən ilk təcrübə idi.
Tələbələrlə görüşüb təəssüratlarını öyrəndik.
Həvva Kərimli: - Ötən il sentyabrın 6-dan bu il yanvarın 31-dək Avstriyanın Krems Universitetində təhsil aldıq. Krems kiçik bir şəhərcikdir, bu başından o başına piyada 10 dəqiqəlik yoldur. Əksər əhalisi yaşlı nəslin nümayəndələridir. Axşam saat 6-dan sonra bir dənə də açıq mağaza tapmaq mümkün deyil. Şənbə günü qısa iş günüdür, bazar günü isə ümumiyyətlə heç bir yer işləmir. Bu bizə bir qədər darıxdırıcı gəlirdi. Amma təhsil prosesi çox maraqlı idi.
Nərgiz Cəfərli: - Biz orada tələbə yataqxanasında qalırdıq. Universitetin özünün böyük kampusu var. Bakıda bizə deyiləndə ki, orada yataqxanada qalacağıq, doğrusu, bir qədər çəkindim. Çünki sovet filmlərindən gördüyüm yataqxana şəraiti mənə çox çətin gəlirdi. Amma orada bunun tam əksi ilə rastlaşdıq. Qaldığımız yataqxana 5 mərtəbəli bina idi. Hər mərtəbənin öz mətbəxi, otaqlar geniş, rahat, hərəsinin vanna otağı və s.
- Universitetdə digər tələbələrlə necə anlaşırdınız?
Həvva Kərimli: - Universitetdə oxumaqla bağlı çətinlik yox idi. Amma oranın tələbələri ATİ-nin tələbələrindən çox fərqlənirlər. Məsələn, bizdə qrup işi hazırlayanda çalışırıq bir-birimizə kömək edək, başa düşmədiyi məqamları yoldaşlarımıza izah edək. Amma onlarda belə deyil. Bir-birinə kömək etmək yoxdur, kim zəifdir, bu geriliyi özü aradan qaldırmalıdır. Birincilik uğrunda mübarizə aparırlar. Amma sonda nəticə yenə də qrupun adına yazılır.
Nərgiz Cəfərli: - Bir tərəfdən götürəndə bu, yaxşıdır. Çünki rəqabət olmalıdır ki, yaxşı nəticə də olsun. Amma biz millət olaraq istiqanlı və mehribanıq deyə, ətrafımızda olanlardan da bunu görmək istəyirik.
- Qeyd etdiniz ki, Krems şəhərinin əhalisinin əksəriyyəti yaşlılardır. Bunun səbəbi nədir?
Həvva Kərimli: - Krems qədim şəhər kimi UNESCO-nun siyahısına daxildir. Burada sırf zadəgan nəslindən olan kübar insanlar yaşayır. Yolla gedərkən bir gənc insan gördükdə onun hər hansı bir universitetin tələbəsi olduğunu bilmək çətin deyil. Bizim universitetdən başqa orada Dunay adlı ikinci bir universitet də vardı. Gənclər isə əsasən ölkənin böyük şəhərlərində yaşayırlar.
Nərgiz Cəfərli: - Amma bir məqamı da qeyd edim ki, Krems şəhəri sanki sırf tələbə həyatı üçün nəzərdə tutulub. Çünki Bakıda və digər şəhərlərdə gənclərin əlavə məşğuliyyəti üçün əyləncə vasitələri çoxdur. Orda isə kitabxana, universitet, yataqxana. Əyləncə vasitələri isə şəhərdən kənardadır. Bizim yeganə əyləncə yerimiz qaldığımız yataqxananın qarşısında yerləşən restoran idi. Orada bilyard salonu vardı. Boş vaxtımız olanda ora gedib bilyard oynayırdıq. Bu da bizim əyləncəmiz sayılırdı.
- Necə oldu Kremsdə təhsil almaq imkanı əldə etdiniz?
Nərgiz Cəfərli: - Bilirsiniz ki, ATİ-nin Krems Unversiteti ilə əməkdaşlıq müqaviləsi var. Bu vaxta qədər belə bir təcrübə yox idi. Rektorumuz Cəfər müəllimə istəyimizi bildirəndə bunu müsbət qarşıladı. Krems Universitetinin Azərbaycan üzrə koordinatoru cənab Andreasla məsləhətləşib razılıq əldə etdilər. Təhsil haqqı institut tərəfindən ödənildi. Qalan digər xərcləri isə özümüz çəkdik.
- Avstriyada bir semestr təhsil almaq üçün nə qədər pul lazımdır?
Həvva Kərimli: - Normal şəraitdə qida və yaşayış üçün bir semestr ərzində 3 min avro kifayət edir. Amma biz boş vaxtlarımızda Avropanın başqa ölkələrinə gəzməyə gedirdik. Təxminən 10 ölkəyə səyahət etdik. Buna görə də 5 min avro xərcimiz çıxdı.
- Bəs dərslərdən bu səyahətlərə necə vaxt ayırırdınız?
Həvva Kərimli: - Orada dərslər bizdəki kimi deyil. Hərdən elə olurdu ki, 3-4 gün, 1 həftə dərs olmurdu. İntensiv proqram tətbiq edilir. Elə fənn var ki, semestrin axırına qədər fasilələrlə keçilir. Elə fənn də var ki, müəllim gəlir, bir həftə davamlı dərslərini keçir, həftənin axırında isə imtahanımızı veririk.
Nərgiz Cəfərli: - Yəni buradakı kimi, gündə hər fəndən 2 saat dərs keçilmir. Bir fənnin dərslərində elə gün olurdu ki, 6-7 saat otururduq.
- Kəsildiyiniz fənn oldu?
Nərgiz Cəfərli: - Bəli, oldu. Artıq həmin fənlərdən təkrar imtahanlarımızı verməyə hazırlaşırıq.
- Bunun üçün Kremsə getməyə ehtiyac varmı?
Nərgiz Cəfərli: - Xeyr. Müəllimlər ordan materialları göndərirlər. Biz burada hazırlaşırıq. İmtahanın suallarını cavablandırıb həmin müəllimə göndəririk.
Həvva Kərimli: - Bizdə sistem eyni olduğu üçün biz onsuz da Krems Universitetinin tələbələriyik. Koordinatorlar vasitəsilə bütün problemlər həll olunur.
- Dərslərin keyfiyyəti, müəllimlərin münasibəti, imtahanlara yanaşma baxımından Turizm İnstitutu ilə Krems Universitetinin fərqi varmı?
Həvva Kərimli: - Biz ora getməmişdən əvvəl rektor Cəfər Cəfərov bizə demişdi ki, gördüyümüz fərqli şeylərin hamısını qeyd edək. Orada dərs proqramında elə bir fərq olmadı. Çünki burada artıq bir il onların proqramı ilə Krems qrupunda təhsil almışdıq.
Nərgiz Cəfərli: - Dərslərdə və imtahanlarda ciddiliyə gəldikdə isə, etiraf edim ki, ATİ-də qaydalar daha sərtdir. İmtahan zamanı boynunu azca döndərəndə xəbərdarlıq edirlər. Amma orda belə deyildi, bir qədər sərbəstlik vardı. Sadəcə, tələbələr bu sərbəstlikdən sui-istifadə etmirlər.
Həvva Kərimli: - Biz burada milli qrupda da təhsil alırıq. Burada çatışmayan cəhət odur ki, müəllim baxmır, sən bu fənni praktikaya yönəldə bilərsən, yoxsa yox. Müəllimin tələbi odur ki, nəzəriyyəni tələbəyə necə yazdırıbsa, elə də cavab alsın. Orada isə elə deyil. Nəzəriyyə ilə yanaşı, tələbənin öyrəndiklərini praktikaya tətbiq edə bilməsinə çox diqqət edilir. Biz burada Krems qrupunda müəllimlərimizin öyrətdiklərini, təcrübə yönlü biliklərimizi sərbəst olaraq orada tətbiq edə bildik. İş həyatımızda bizdən gəlib heç kim soruşmayacaq ki, menecmentin əsasları fənni nəyi öyrədir. Bizdən idarəçiliyi soruşacaqlar ki, hansı vəziyyətdə müəssisəni necə idarə etmək olar. Praktikaya önəm verilməməsi bizim institutda çatışmayan yeganə cəhətdir. Bu baxımdan düşünürəm ki, Krems qrupunda təhsil almaq bizim üçün çox faydalıdır.
Nərgiz Cəfərli: - Sevindirici haldır ki, ATİ-də bu istiqamətdə son vaxtlar irəliləyiş var. Əvvəllər müəllimlər dərsə gələndə özləri ilə sırf nəzəri material gətirirdi. İndi dekanlığın qərarına əsasən ilin əvvəlində tələbələrə silabus verilir. Tələbə bilir ki, dərsdə nə keçiləcək. Ona uyğun da evdə hazırlaşır. Başa düşmədiklərini qeyd edir. Dərsə gələndə isə onları müəllimdən soruşur. Bizim fikrimizcə, bu daha keyfiyyətli tədrisdir. ATİ yeni yaradılmış bir təhsil müəssisəsidir. Təbii ki, çatışmazlıqlar olacaq. Əsas olan odur ki, burada təhsili Avropa təhsil sisteminə uyğunlaşdırmağa çalışırlar. Eyni zamanda burada şəffaflıq var. Heç kəs tanış vasitəsilə, başqa yolla qiymət ala bilməz. Burada yalnız biliyə üstünlük verilir.
Kremsin məzunları Azərbaycanın ən böyük hotellərində işləyirlər
Qeyd edək ki, indiyə qədər ATİ-də Krems qrupunun 57 məzunu olub. Onların əksəriyyəti Azərbaycandakı ən böyük hotellərdə çalışır. Bu məzunlardan xarici ölkələrdə fəaliyyət göstərənlər də var. Onlardan biri Azərbaycan Turizm İnstitutunun Məzunlar Assosiasiyasının sədri, hazırda «Fairmont Baku» hotelinin satış departamentinin rəhbəri vəzifəsini icra edən İlkin Rüstəmovdur.
İlkin bizimlə söhbətində Krems Universitetində təhsil almağın üstünlüklərindən danışdı. Onun sözlərinə görə, Krems Universitetində əldə etdiyi biliklərin, oradan öyrəndiyi nəzəri məlumatların bəhrəsini hazırda iş həyatında görür və gündəlik fəaliyyətində hiss edir: «Məsələn, bazar araşdırmasının aparılması, potensial müştərilərlə əlaqənin qurulmasının əsasları, onların marketinq strategiyaları, turizm hədəflərinin seqmentlərinin müəyyən edilməsi, ona uyğun məhsulun təqdim olunması, bizim təklif etdiyimiz xidmətlərdə müştərinin tələbatlarına uyğun dəyişikliklərin edilməsi, qiymət siyasəti və s. barədə biliklər bizə Krems Universitetində öyrədilib. Tam səmimi deyirəm ki, orada öyrəndiklərimi bu gün işimdə birbaşa olaraq tətbiq edə bilirəm. Düzdür, Turizm İnstitutu da çox yaxşı təhsil verir. Amma nəzərə almaq lazımdır ki, burada təhsil Azərbaycan dilindədir. İngiliscə təhsil almağın bir çox üstünlükləri var. Beynəlxalq turizmdə işlədilən terminləri birbaşa ingiliscə öyrənirik. Hazırda Azərbaycanda fəaliyyət göstərdiyimiz brend hotellərin menecerləri də bu terminləri ingilis dilində istifadə edirlər. Bu da bizim üçün rahatdır. Üstəlik, Krems Universitetinin məzunları dünyanın hansı ölkəsində istəsə, oradakı hotellərdə rahat çalışa bilər».
Fəxriyyə Abdullayeva