Oktyabrın 2-də dahi Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin qızı, muzeyşünas və mətnşünas, Əməkdar mədəniyyət işçisi Turan Cavidin (1923-2004) anadan olmasının 100 illiyi tamam olur.
Bu münasibətlə sentyabrın 12-də Hüseyn Cavidin Ev-Muzeyində tədbir keçirilib. Qeyd olunub ki, Turan Cavid ömrünü atası Hüseyn Cavidin irsinin qorunmasına, təbliğinə, nəşrinə və tədqiqinə həsr edib, şairin Bakıdakı Ev-Muzeyinin yaradılmasında və fəaliyyətində əlindən gələni əsirgəməyib.
Turan xanım 1991-2004-cü illərdə Hüseyn Cavidin Ev-Muzeyinə rəhbərlik etdiyi müddətdə ədibin tam külliyyatının elmi-tənqidi mətnini hazırlaması isə onun atasının xatirəsinə ucaltdığı ən möhtəşəm abidə kimi qiymətləndirilib.
Tədbirdə Turan Cavidin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən, Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin onun şəxsiyyətinə olan dərin hörmət və ehtiramlarından bəhs olunub. Eyni zamanda Ev-muzeyin hazırkı direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının nəşrə hazırladığı “Turan Cavid. Ömür salnaməsi” kitabı haqqında da söz açılıb.
Qeyd edək ki, oktyabr ayında – “Cavidlər ayı”nda Turan Cavdin 100 illiyi münasibətilə Hüseyn Cavidin Ev-Muzeyində silsilə tədbirlər keçiriləcək. Yubiley münasibətilə “Turan Cavid xatirələrdə” adlı kitab da nəşrə hazırlanıb.