Salyan rayon Mədəniyyət Mərkəzi Sarvan kənd Folklor evinin təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi şəhidi Elnur Səmədovun 50 illiyinə həsr olunan tədbir keçirilib. İlk olaraq kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Tədbir Sarvan kəndinin mərkəzində salınan Şəhidlər abidə kompleksində davam etdirilib. Çıxış edənlər bildiriblər ki, 1993-cü ildə hərbi xidmətdə olan 19 yaşlı Elnur Səmədov Füzuli rayonunda döyüşlərdə iştirak edib. Qacar kəndinin müdafiəsi uğrunda döyüşdə qəhrəmancasına şəhid olub. Tədbir iştirakçıları şəhidin adını daşıyan Sarvan kənd həkim məntəqəsində yaradılan xatirə guşəsini də ziyarət ediblər. Şəhidin doğmaları, döyüş yoldaşları onunla bağlı xatirələrini dilə gətiriblər. Məktəblilər tərəfindən kompozisiya təqdim edilib.

***

Astara Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsi şəhidi Rəhman İsmayılovun ailəsi ilə görüş keçirilib. Rəhman İsmayılov 1995-ci il avqustun 18-də Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 19-da Qubadlı uğrunda döyüşlərdə şəhadətə yüksəlib. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Astara Dövlət Rəsm Qalereyası, rayon Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları şəhid Cəmil Qurbanzadənin ailəsinə baş çəkiblər. Ziyarət zamanı şəhidin yaxınları qəhrəmanla bağlı xatirələrini bölüşüb, döyüş yolundan danışıblar. 2003-cü il aprelin 27-də Astara şəhərində anadan olan Cəmil Qurbanzadə düşmən tərəfindən ötən il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Masallı rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi Niyaməddin Sultanzadənin doğum günü ilə əlaqədar tədbir təşkil edilib. “Vətənin igid oğlu Niyaməddin Sultanzadə” mövzusunda tədbirdə şəhidin həyatı və döyüş yolu haqqında məlumat verilib. Bildirilib ki, o, 2020-ci il noyabrın 6-da Qubadlı rayonu istiqamətində döyüşlərdə şəhadətə qovuşub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

***

Balakən Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Vətən müharibəsinin şəhid giziri Vahid Əlisoltanovun ailəsini ziyarət edib. Şəhidin şəxsi əşyaları ailəsi tərəfindən muzeydə yaradılan “Zəfər guşəsi”ndə nümayiş olunmaq üçün əməkdaşlara təqdim edilib.

Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxananın və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Vətən sərhəddən başlayır” adlı dəyirmi masa keçirilib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində öz cəsarəti, igidliyi ilə torpaqlarımızı azad edən, qətiyyəti ilə düşməni dizə gətirən Azərbaycan Ordusu xalqımızın əbədi qürur mənbəyidir.

***

Xaçmazda Ermənistan silahlı qüvvələri tərəfindən ötən ilin sentyabrında Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan baş gizir Elnur Rüstəmovun xatirəsi anılıb.

Xaçmaz Rayon İcra Hakimiyyəti, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri rayonun Əbilyataq kənd qəbiristanlığında şəhidin məzarını ziyarət ediblər. Daha sonra rayon rəsmiləri şəhid ailə üzvləri ilə görüşüblər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, igid oğullarımızın göstərdikləri qəhrəmanlıqdan danışılıb. Şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açılıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Nurəddin Məmmədli