Musiqili Teatrın gənc aktrisası Gültac Əlili ilk dəfə “Ər və arvad” tamaşasında çıxış edəcək

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 114-cü mövsümünü sentyabrın 16-da saat 19:00-da 114 yaşlı "Ər və arvad” musiqili komediyası ilə açacaq.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin bu ölməz əsəri – Şərqin ilk operettasının budəfəki nümayişində teatrın gənc aktrisası Gültac Əlili ilk dəfə Minnət xanım obrazını canlandıracaq.

Aktrisa bu barədə deyib: "İndiyə qədər Musiqili Teatrın bir çox klassik tamaşalarında oynamışam, bu dəfə isə "Ər və arvad"da Minnət xanım obrazı mənə həvalə olunub. Tərəf-müqabilim uğurlarıma sevinən ustadım, Xalq artistimiz İlham Namiq Kamaldır. Bu rolu məndən öncə ifa edən milyonların sevimli gülüş ustası, Xalq artistimiz, mənəvi anam Afaq Bəşirqızının olması da məsuliyyətimi ikiqat artırır. Elə bilirəm bundan böyük xoşbəxtlik yoxdur... Mənə etimad göstərib bu fürsəti yaratdığına görə başda teatr rəhbərliyi olmaqla, əziyyəti olan hər kəsə minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Azərbaycan mədəniyyəti tarixində önəmli yeri olan və səhnəyə qoyulduğu vaxtdan (24.05.1910) indiyədək müxtəlif rejissorların təqdimatında nümayiş olunan operettanın sonuncu quruluşu (16.10.2010) tanınmış rejissor Yusif Əkbərova aiddir.

Tamaşanın budəfəki nümayişində Gültac Əlili ilə yanaşı, Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Nahidə Orucova, aktyorlar Gülcahan Salamova, Hüseyn Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Fərid Rzayev, Nigar Qarayeva və başqaları çıxış edəcəklər.