Fevralın 8-də «Four Seasons» hotelində Azərbaycan Turizm Assosiasiyasının (AZTA) növbəti toplantısı keçirildi. Toplantı son vaxtlar ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin işində yaranmış problemlərə həsr olunmuşdu.
   
   Tədbiri giriş sözü ilə açan AZTA İdarə Heyətinin sədri Nahid Bağırov əvvəlcə ötən il görülən işlər barədə məlumat verdi, 2012-ci ildə Bakıda keçirilən «Eurovision» mahnı müsabiqəsi zamanı qurumun təqdirəlayiq fəaliyyət göstərdiyini dedi.
   Sədr AZTA-nın yeni xidməti barədə məlumat verərək bildirdi ki, Azərbaycanda turizm şirkətlərinin problemli müştərilərlə bağlı bazası yaradılır. Bu məqsədlə AZTA öz internet səhifəsində «Black list» («Qara siyahı») adlanan xidmət yaradıb. Burada dəfələrlə yer bron edib, aviaturdan imtina edən, həmçinin digər problemlər yaradan müştəri barədə məlumatlar əks olunacaq. Həmçinin burada turizm şirkətində dələduzluq edən işçilər barədə də məlumat toplanacaq: «Bu sistem bir turizm şirkətində dələduzluq edən işçinin digər şirkətə işə qəbul olunması, onların əməllərindən başqa şirkətlərin məlumatlandırılmasına şərait yaradır».
   Sonra turizm şirkətlərinin nümayəndələrinə sözügedən sistemə məlumatların əlavə olunması videogörüntü vasitəsilə nümayiş olundu.
   Tədbirdə turizm şirkətlərinin «Türk Hava Yolları»ndan narazılığı da müzakirə mövzusu oldu. N.Bağırovun sözlərinə görə, narazılığa səbəb «Türk Hava Yolları»nın satılan biletlərdən turizm şirkətlərinə verdiyi komisyon haqqından imtina etməsidir: «Türk Hava Yolları» hər gün Bakı-İstanbul reysi ilə 4 dəfə uçuş həyata keçirir ki, burada bizim turizm şirkətlərinin də bilet sifarişlərinin rolu var. Azərbaycanın turizm şirkətləri ilə bu aviaşirkət arasında daim dost münasibət olub. Amma biz gözləmədiyimiz bir vəziyyətlə üzləşmişik. Maraqlıdır ki, komisyon haqları heç də hər yerdə ləğv olunmayıb. Məsələn, Rusiya bazarında əvvəl komisyonlar 7 faiz idisə, ötən il 10 faizə qaldırılıb. Biz iradlarımızı «Türk Hava Yolları»nın Azərbaycandakı nümayəndəliyinə bildirmişik, lakin hələ də cavab verilməyib”.
   Müzakirələrin sonunda fevralın 12-dən 14-dək Azərbaycanın turizm şirkətlərinin «Türk Hava Yolları»nın biletlərinin satışını dayandırmaq barədə qərar qəbul olundu. N.Bağırov bildirdi ki, «Avstriya Hava Yolları», «Lufthansa» kimi aviaşirkətlər komisyonları ləğv etsələr də, bonus sistemi tətbiq edirlər, «Türk Hava Yolları» isə bu sistemi də tətbiq etmək istəmir.
   Toplantıda müzakirə olunan məsələlərdən biri də Ukraynanın müflis elan olunmuş «AeroSvit» aviaşirkətindən alınan biletlərin ödənişlərinin qaytarılması ilə bağlı mübahisə oldu. Müştərilər turizm şirkətlərindən ödənişin qaytarılmasını tələb edirlər. N.Bağırov bildirdi ki, bu mümkün deyil: “Çünki turizm şirkətləri heç bir məbləği özündə saxlamır, mərkəzləşdirilmiş BSP sisteminə ötürür. BSP isə Azərbaycanda «AeroSvit» şirkətindən alınan biletlərin dəyərinin qaytarılmasından imtina edir və ödənişin Ukrayna dövlətindən tələb olunmasını bəhanə gətirir”.
   Qeyd edək ki, «AeroSvit» aviaşirkəti fevraldan Kiyev-Bakı marşrutu üzrə aviareysləri dayandırıb. Fevralın 13-dən bu istiqamətdə reysləri «Ukrayna Beynəlxalq Hava Yolları» aviaşirkəti həyata keçirəcək.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar