Rostropoviçlərin ev-muzeyində Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunan tədbir
Dahi bəstəkar, görkəmli musiqişünas, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin doğum günü – 18 sentyabr musiqimizin bayramıdır. Böyük sənətkar Azərbaycanda klassik musiqi ifaçılığının təşəkkül tapmasına, Bakıda Şərqin ilk konservatoriyasının yaradılmasına da mühüm töhfələr verib.
İfaçılıq sahəsində inkişafın vacibliyini nəzərə alaraq o, 1925-ci ildə məşhur musiqiçi, violonçelçi, professor Leopold Rostropoviçi Bakıya dəvət edib. Bundan sonra iki musiqiçini bir-birinə yaxın dostluq əlaqələri ilə yanaşı, yaradıcılıq yolu, musiqiçi həyatı da sıx bağlayıb. Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) işlədiyi illəri L.Rostropoviç həyatının ən maraqlı dövrü hesab edib.
Dünyaca məşhur musiqiçi Mstislav Rostropoviç də atasının dahi bəstəkarla dostluq əlaqələrinə sadiq qalıb, yaradıcılığında Ü.Hacıbəylinin əsərlərinə dəfələrlə müraciət edib. Maestro uzun ayrılıqdan sonra 1997-ci ildə ailəsi ilə Bakıya gəlişi zamanı bəstəkarın ev-muzeyini ziyarət edib və muzeyin rəy kitabına ürək sözlərini yazıb. O, Ü.Hacıbəylinin “Koroğlu” operasının uvertürasına bir neçə dəfə müraciət edib. Bu əsərə ilk dəfə 2004-cü ilin yanvar ayında M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının əsaslı təmirdən sonra açılışında dirijorluq edib. 2005-ci ilin sentyabrında Ü.Hacıbəylinin 120 illik yubileyi ilə əlaqədar Bakıya gəlir və ikinci dəfə uvertüraya dirijorluq edir.
Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi də hər il Üzeyir Hacıbəylinin doğum günü – Milli Musiqi Günü münasibətilə tədbirlər təşkil edir.
Muzeydən verilən məlumata görə, bu dəfə də sentyabrın 14-də muzeydə “Əsrarəngiz notlar, unudulmaz bəstələr” adlı tədbir keçirilib.
Muzeyin rəhbəri Günay Əliyeva qonaqları salamlayıb, L.Rostropoviç və Ü.Hacıbəylinin yaxın dostluq və yaradıcılıq əlaqələrindən danışıb.
Sonra bədii proqram təqdim olunub. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistləri A.Həsənova, E.Zeynallı və K.Həsənov bəstəkarın “Arşın mal alan” operettasından “Əsgərin ariyası”, “Gülçöhrənin ariyası” və “Əsgərin və Gülçöhrənin dueti”ini ifa ediblər. Proqram respublika və beynəlxalq müsabiqələr laureatları M.Tağızadə, H.Hacızadə, K.Talıblı, R.Zeynalov və Ə.Məmmədzadənin ifasında klassik musiqi konserti ilə davam etdirilib. Muzeyin zəngin fondunda saxlanılan fotoşəkillərdən ibarət maraqlı slayd-şou təqdim olunub.
Tədbirdə Akademik Musiqili Teatrın, paytaxt muzeylərinin əməkdaşları, musiqi ictimaiyyətinin nümayəndələri iştirak ediblər.