Tanınmış yazıçı, publisist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Nüşabə Məmmədlinin 70 illik yubileyi sentyabrın 15-də AYB-nin Natəvan klubunda qeyd edildi.
Tədbiri giriş sözü ilə Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri, AYB sədrinin müşaviri Sayman Aruz açaraq Nüşabə Məmmədlinin yaradıcılığından ətraflı bəhs etdi. Qeyd etdi ki, yubilyarın geniş və dərin məzmunlu yaradıcılığı var. Sadə, aydın və hamının başa düşəcəyi üslubla yazılan əsərləri oxucular tərəfindən maraqla qarşılanıb. Yaradıcılığında Ağdamın işğalı, erməni vəhşilikləri qırmızı xətt kimi keçir.
Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Elçin Hüseynbəyli yubilyara ürək sözlərini çatdırdı, yeni yaradıcılıq uğurları arzuladı. Sonra AYB-nin təbrikini oxudu.
Tanınmış yazıçı Seyran Səxavət çıxış edərək Nüşabə Məmmədlinin yaradıcılığında maraq doğuran, hiss və duyğulara toxunan Vətən sevgisindən danışdı. Xüsusilə onun “Zəngulə” romanına diqqət çəkərək bildirdi ki, yazıçının əsərlərində torpaq sevgisi, şəhidlərin xatirəsi çox geniş və ağrılı verilib.
Daha sonra şairə Firuzə Məmmədli, AYB-nin katibi, şair, yazıçı İlqar Fəhmi və başqaları çıxış edərək yubilyara yaradıcılıq uğurları arzu etdilər.
Sonda yubilyar çıxış edərək tədbirdə iştirak edənlərə dərin təşəkkürünü bildirdi.
Qeyd edək ki, Nüşabə Məmmədli 1953-cü ildə Ağdam şəhərində anadan olub. Xarici Dillər İnstitutunda (indiki ADU) ingilis dili müəllimiyi ixtisası üzrə ali təhsil alıb, bir müddət pedaqoji fəaliyyət göstərib. Müxtəlif dövri mətbuat orqanlarında çalışıb. “Göylərdə keçən ömür” sənədli povesti, “Bu bir oyundur” hekayələr kitabı, “Zəngulə”, “Vicdan dustağı”, “Sevgi xiyabanı” romanlarının müəllifidir.
S.Fərəcov