AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə “Xalqımızın qədim yurd yeri: Qərbi Azərbaycan” mövzusunda elmi konfrans keçirilib.
Bölmənin sədri akademik İsmayıl Hacıyev vaxtilə ermənilərin əzəli ərazilərimizə məqsədli köçürüldüyünü, sonralar onların tarixi torpaqlarımız hesabına “ərazilərini” genişləndirərək xalqımıza qarşı kütləvi qırğınlar, deportasiyalar həyata keçirdiklərini bildirib. Qeyd edib ki, havadarlarının dəstəyi ilə öz planlarını reallaşdıran ermənilər Qərbi Azərbaycanda ümumilikdə 704 kəndin türkmənşəli adını dəyişib, zaman-zaman soydaşlarımızı doğma torpaqlarından didərgin saldıqdan sonra 500-dək azərbaycanlı kəndini dağıdıb, bölgəni süni şəkildə erməniləşməyə məruz qoyublar.
Konfransda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarından Musa Quliyev “Göyçə-Dərələyəz elegiyası”, Toğrul Xəlilov “Qərbi Azərbaycanın qayaüstü təsvirlərinin Naxçıvan paralelləri”, Sara Hacıyeva “Qərbi Azərbaycanın qoç və qoyun heykəlli qəbirüstü abidələri”, Aysel İsmayılova “Qərbi Azərbaycanın tarix-memarlıq abidələrində erməni vandalizminin izləri” mövzusunda məruzə ediblər.
Erməni vandalizminə məruz qalmış Sərdar qalası, Sərdar məscidi, Abbas Mirzə məscidi, Aşıq Ələsgərin qəbirüstü abidəsi və başqa tarix-memarlıq abidələrimizin inşa tarixi, memarlıq xüsusiyyətləri və dağıdılması barədə məlumat verilib.