Bu il “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Şuşa şəhərinin tanınmış simaları arasında görkəmli memar Kərbəlayı Səfixan Qarabağinin də adı hörmətlə çəkilir. O, əsasən Azərbaycanın Qarabağ bölgəsində çoxsaylı tarix-memarlıq abidəsi ucaldıb. Mənbələrdə qeyd edilir ki, memarın həyat və fəaliyyəti əsasən Şuşa ilə bağlı olub.
Azərbaycanın Qarabağ bölgəsindən olan tarixçilərin yazdığına görə, 1752-ci ildə Şuşakənddən bir qədər aralı, hündür və sıldırım dağ silsiləsi üstündə “Şuşa” adlı şəhərin tikintisinə başlanılır. Tikinti işlər 1756–1757-ci illərdə başa çatır.
Qarabağ xanı Pənahəli xan Şuşanı özünə paytaxt edir. Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” adlandırılır. Çox keçmir şəhərdə sənətkarlıq, mədəni-maarif işləri inkişaf edir. Burada xüsusilə elm və sənət adamlarına qayğı ilə yanaşılır. Bu da Azərbaycanın digər bölgələrindən sənət adamlarının Şuşaya axınına səbəb olur... Ancaq bu çiçəklənmə uzun müddət davam etmir. İctimai-siyasi vəziyyətlə əlaqədar bir çox sakinlər Qarabağdan köçməli olur.
Səfixan Qarabağinin valideynləri də Şuşanı tərk edib Cənubi Azərbaycana üz tutur, Əhər şəhərində məskunlaşırlar. Səfixan 1817-ci ildə bu qədim şəhərdə dünyaya göz açır. Uşaqlıq və gənclik çağları da elə bu şəhərdə keçir. Gözəl əl qabiliyyətinə malik olan atası Sultan Hüseyn bənna-usta idi. Səfixan da kiçik yaşlarından, əli iş tutandan atasının yanında tikinti prosesini izləyir. Ancaq o, gənc yaşlarından qurucu təfəkkürü ilə seçilir, yeniliyə can atırdı. Artıq Səfixan da inşaat işlərinə başlayır, bəzən müstəqil işlər də qəbul edirdi. Araşdırmalarda da qeyd edildiyi kimi, Əhər şəhərində, eləcə də ətraf qəsəbə və kəndlərdə tikilən bir çox binalarda məhz Səfixanın imzası – daş möhürü indiyədək qalmaqdadır.
Zaman yetişir, Qarabağda sular durulur, Şuşa da öz rəvan inkişafına qədəm qoyur. Sultan Hüseyn də ailəsi ilə birlikdə yenidən doğma şəhərinə qayıdır. Həmin vaxt artıq Kərbəlayı Səfixanın şöhrəti ölkə hüdudlarını aşmışdı. Buna görə də belə bir sənətkarın Şuşaya gəlişi şəhərin tarixində əlamətdar hadisə idi. Bir müddət sonra o, özünə “Qarabaği” təxəllüsünü götürür. Ata yurdunda fəaliyyətini davam etdirir.
Səfixan Qarabaği Şuşaya gələrkən özü ilə bir qrup sənətkar soydaşımızı da gətirmişdir. Onlar əsasən bəzək ustaları, nəqqaşlar idi.
Səfixan Qarabağinin qala-şəhərimizə gəlişi ilə burada inşaat işlərində ciddi canlanma yaranır. Bu gün də möhtəşəmliyini qoruyub saxlayan tikililər ucaldır. Onun Şuşada inşa etdiyi tikililərdə Şərq memarlığına xas olan konstruktiv elementlərlə yerli və milli ənənələr uğurla sintez edilib. Şuşadakı məhəllə məscidləri, mədrəsələr, imarətlər, hamamlar və s. tikililəri buna misal göstərmək olar. Ümumiyyətlə, Şuşa şəhərinin Şərq memarlığı üslubunda tikililərlə zənginləşməsində Səfixan Qarabağinin xüsusi xidmətləri var.
Şuşadakı məşhur Gövhər ağa məscidində əsaslı bərpa işləri aparılır. Kərbəlayı Səfixan binaya yeni həyat, yeni nəfəs verir. Məscidin ibadət zalındakı minarələrin naxışlarını və başqa bəzək işlərini isə məşhur rəssam və nəqqaş Mir Möhsün Nəvvab həyata keçirir. Məscidin xonçaşəkilli kitabəsində bu sözlər yazılıb: “Qarabağlı memar Kərbəlayi Səfixanın işidir (1883)”.
Görkəmli memar 1868-ci ildə Bərdə qəbiristanlığında Azərbaycanda ilk dörd minarəli məbəd olan Şeyx İbrahim sərdabəsi üzərində olan İmamzadə məscidini inşa edir. 1870-ci ildə Ağdam şəhərində ucaldılan qoşa minarəli məscid də onun əsəri olaraq tarixə düşür. Məscidin mehrabındakı bəzək işlərini isə təbrizli dostu nəqqaş Məhəmməd Şükuhi vurur.
Tədqiqatçı alim Şamil Fətullayev araşdırmasında yazır ki, şuşalı memar 1870-ci ildə Odessada “Tatarlar”, 1880-ci ildə Aşqabadda “Qarabağlılar” məscidlərini tikib.
Dövrünün görkəmli memarı Səfixan Qarabaği 1910-cu ildə Şuşa şəhərində vəfat edib. Şəhərin Mirzə Həsən məzarlığında dəfn edilib.
Savalan Fərəcov