Rusiya Böyük Teatrının solisti soydaşımız, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yetirməsi, Azərbaycanın Xalq artisti Dinarə Əliyevanın təsis etdiyi “Opera Art” festivalı bu il dördüncü dəfə keçiriləcək.
Festivalın portalında yer alan məlumata görə, “Opera Art” sentyabrın 20-də Moskva Dövlət Akademik Filarmoniyasının P.İ.Çaykovski adına Konsert zalında romans axşamı ilə klassik musiqisevərlərin görüşünə gələcək. Həmin axşam Sergey Raxmaninovun, Pyotr Çaykovskinin və Nikolay Rimski-Korsakovun əsərləri səslənəcək.
Oktyabrın 2-də eyni məkanda C.Verdinin “Aida” operası konsert ifasında səslənəcək, ayın 11-də isə Moskva Konservatoriyasının Kiçik zalında “Dünya vokal klassikasının səhifələrində” proqramı təqdim olunacaq. Noyabrın 3-də konservatoriyanın Raxmaninov zalında “Rus və Avropa klassiklərinin vokal lirikası” konserti olacaq.
Bir neçə il öncə, daha dəqiq desək, 2019-cu ildə “Opera Art” festivalında Azərbaycanın opera səsləri də eşidilmişdi. Festivalın ilk konsertində Rusiya Milli Simfonik Orkestri Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun idarəsi altında çıxış etmiş, konsertin vokalçı solisti isə Azər Zadə olmuşdu. Bundan məmnunluğunu ifadə edən Dinarə Əliyeva mediaya müsahibəsində “Bu festivalı Vətənimə gətirmək istəyirəm və ümid edirəm ki, nə vaxtsa arzum yerinə yetəcək” demişdi.
Məlum pandemiya olmasaydı, bəlkə də məşhur sopranomuzun bu arzusu gerçəkləşərdi. Hər halda, bu il noyabrın 25-də IV “Opera Art” klassik musiqi festivalının bağlanış konsertinin Bakıda M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilməsi nəzərdə tutulur. Həmin konsertdə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə Dinarə Əliyeva və Behzod Davronov çıxış edəcəklər.
Dinarə Əliyevan bizim klassik vokal musiqisi sevənlərimizə yaxşı tanışdırsa, Behzod Davronov barədə qısa məlumat verməyə dəyər.
Səmərqənddə sənətkar ailəsində doğulmuş Behzod Özbəkistan Dövlət Konservatoriyasının məzunudur. 2018-ci ildən Rusiya Böyük Teatrının solistidir. 29 yaşlı gənc tenorun yaradıcılığı barədə məlumat axtararkən belcanto.ru portalında onun Dinarə Əliyeva ilə bu ilin iyun ayında Moskva Dövlət Filarmoniyasında çıxış etdikləri konsert barədə mütəxəssis rəyinə rast gəldik.
Adətən, qeyri-rus ifaçılara qarşı həddən artıq ciddi, bəzən hətta qısqanclıqla münasibət bildirən Moskva musiqişünaslarının bu duet barədə fikirləri heyranlıq etirafıdır: “Bu layihə fərqli ifaçı nəsillərini birləşdirsə də, onların dueti səslərin heyrətamiz uzlaşmasını və birgə musiqiçi yaradıcılığının tam harmoniyasını nümayiş etdirdiyinə görə əsl sensasiya oldu! Dinarə Əliyeva 2010-cu, Behzod Davronov isə 2018-ci ildən Böyük Teatrın solistidir. Özünü çoxdan primadonna assoluta kimi tanıtmış müğənni karyerasına lirik partiyalardan başlasa da, bu gün o öz məharətini mahir ustad, xarizmalı aktrisa və əsl vokal perfeksionisti kimi təqdim edir və bugünkü konsert göstərdi ki, dramatik repertuar – yüz faiz onun mülkiyyətidir.
İstedadlı, son dərəcə perspektivli artist Behzod Davronovun teatral karyerasında düzgün lirik istiqamət izlənilir. 29 yaşlı bu müğənni ölkənin əsas opera səhnəsinin yeganə ümididir!”.
Akademik ifaçılıq sənəti barədə ciddi yazıların müəllifi olan İqor Koryabinə inansaq, noyabrın 25-də bizim filarmoniyada çox gözəl bir sənət axşamı yaşanacaq.
Hər halda, unutmayın, Dinarə Əliyeva bizi “Orepa Art”a dəvət edir.
Gülcahan Mirməmməd