Milli Xalça Muzeyində sərgi və konsert

 

Milli Musiqi Günü ərəfəsində, sentyabrın 16-da Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda musiqi” adlı sərgi açılıb və uşaqlar üçün konsert proqramı təşkil olunub.

Sərgidə muzeyin kolleksiyasından musiqi sənəti ilə əlaqəli zəngin kompozisiyalı portret və süjetli xalçalar, qobelenlər nümayiş etdirilir. Bunlar Xalq rəssamları Tahir Salahov və Eldar Mikayılzadənin müəllifi olduqları əsərlər – dahi bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev və Dmitri Şostakoviçin portretləri toxunmuş xalçalar, rəssamlar Pavel Kuzmenko, Rimma Eminova və Faiq İbrahimovun maraqlı süjet həllinə malik əsərləridir.

Miniatür və realistik üslubda bədii-texniki cəhətdən mükəmməl işlənmiş əsərlərdə klassik və xalq musiqisinin, muğam və milli rəqs sənətinin, musiqi alətlərimizin xalça naxışları ilə mükəmməl ahəngi öz əksini tapıb.

Sərgi Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının davam etdiyi günlərdə, sentyabrın 28-dək ziyarət üçün açıq olacaq.

Milli Musiqi Günü münasibətilə konsert proqramı isə muzeyin uşaq şöbəsi və H.Sarabski adına 7 nömrəli Musiqi məktəbinin əməkdaşlığı ilə təşkil olunub. Məktəbin şagirdlərinin ifasında klassik və müasir musiqi nümunələri təqdim edilib, vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.