Berti Foqts Azərbaycanın turizm imkanlarından danışacaq
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası martın 6-dan 10-dək Almaniya paytaxtında keçiriləcək «İTB Berlin-2013» beynəlxalq turizm sərgisində rəsmi tərəfdaş (Convention and Culture Partner) olacaq.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.
Həm iştirakçılarının sayına, həm də əhatə dairəsinə görə dünyanın ən böyük sərgilərindən olan «İTB Berlin»də ölkəmiz bu il eyni zamanda üç stendlə təmsil olunacaq. Sərginin rəsmi saytında verilən məlumatda bildirilir ki, Xəzər dənizinin sahilində yerləşən və əsrarəngiz gözəlliklərə malik olan Azərbaycan builki ekspozisiyada özünün bütün turizm imkanlarını nümayiş etdirəcək.
Ölkəmizin əsas stendində 15 aparıcı turizm şirkəti vasitəsilə regionlarımızın turizm imkanları, orada son illər yaradılan turizm infrastrukturu, geniş potensialı olan müxtəlif turizm növləri, istirahət mərkəzləri, hotellər və s. haqqında ətraflı məlumat veriləcək. Azərbaycan pavilyonlarında eyni zamanda “İpək Yolu” beynəlxalq turizm marşrutu üzərində yerləşən ölkələr haqqında məlumatlar əksini tapacaq. Sərgi günlərində ziyarətçilər Azərbaycanın incəsənət ustalarının çıxışlarına tamaşa edəcək, ölkəmizin müxtəlif regionlarına aid mətbəx nümunələrindən dadacaq, həmçinin Azərbaycanda istehsal olunan şərabların dequstasiyasında iştirak etmək imkanı əldə edəcəklər.
Tədbir çərçivəsində müxtəlif panellər üzrə diskussiyalar təşkil olunacaq. Diskussiyalar zamanı Azərbaycan nümayəndə heyəti ölkəmizin mədəniyyəti, tarixi, turizm sahəsində son illər əldə edilən uğurlar, həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verəcək. Saytın məlumatında o da bildirilir ki, futbol üzrə Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqts da diskussiyalardan birinin aparıcısı olacaq. O, ziyarətçilərlə ölkəmiz haqqında təəssüratlarını bölüşəcək.
Fəxriyyə Abdullayeva