Sentyabrın 18-də adını Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə qızıl hərflərlə yazdırmış dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin (1885-1948) anadan olmasının 138-ci ildönümü tamam oldu. Bu gün böyük bəstəkarın şərəfinə ölkəmizdə milli misiqi bayramı kimi qeyd edilir.
Xatırladaq ki, 1995-ci il sentyabrın 18-də Prezident Heydər Əliyev dahi bəstəkar, Azərbaycan milli operasının banisi, böyük musiqişünas-alim, publisist və pedaqoq Üzeyir Hacıbəylinin “Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətlərini nəzərə alaraq və böyük sənətkara xalq ehtiramını və məhəbbətini təcəssüm etdirmək məqsədilə” hər il sentyabr ayının 18-də “Üzeyir musiqi günü”nün keçirilməsi haqqında fərman imzalayıb.
2009-cu ildən isə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi bəstəkarın adı ilə şərəflənən ənənəvi beynəlxalq musiqi festivalı da keçirilir. Ənənəvi olaraq 18 sentyabrda açılan musiqi şöləni bu il 15-ci dəfə gerçəkləşir.
Mədəniyyət tariximizin bu əlamətdar gününün tədbirlər silsiləsi yenə I Fəxri xiyabanda Üzeyir bəyin məzarının ziyarət olunması ilə başlandı.
Dahi bəstəkarın məzarı önündə
Mərasimdə mədəniyyət naziri Adil Kərimli, nazirliyin məsul əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.
Əvvəlcə dahi bəstəkarın məzarı üstünə çələng və tər çiçəklər düzüldü.
Mədəniyyət naziri Adil Kərimli mərasimə toplaşanları Milli Musiqi Günü münasibətilə təbrik edərək bildirdi ki, 18 sentyabr mədəniyyətimizin ən əlamətdar günlərindən biridir: “Bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür. 18 sentyabr tarixi həmçinin böyük musiqi xadiminin şərəfinə ölkəmizdə Milli Musiqi Günü (“Üzeyir musiqi günü”) kimi qeyd olunur. Əlamətdar gün Üzeyir bəyin 110 illiyi münasibətilə Prezident Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilib. Bununla bağlı ölkəmizdə hər il silsilə tədbirlər keçirilir, bəstəkarın mədəniyyətimiz qarşısında misilsiz xidmətləri yada salınır. Bu il də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festival çərçivəsində müxtəlif tədbirlər təşkil ediləcək, bir sıra ölkələrdən ifaçı və kollektivlər çıxış edəcək”.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə dahi bəstəkarın ölməz irsindən söz açdı. Qeyd etdi ki, nə qədər ki, Azərbaycan xalqı var, dahi bəstəkarın ölməz irsi hər zaman yaşayacaq.
Çıxışlardan sonra mərasim iştirakçıları I Fəxri xiyabanda uyuyan Azərbaycan musiqisinin korifeylərindən Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevin də məzarlarını ziyarət etdilər.
Mərasim iştirakçıları həmçinin Ümummilli lider, mədəniyyətimizin böyük hamisi Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini də ehtiramla anaraq məzarları üzərinə tər çiçək dəstələri düzdülər.
Milli Konservatoriyada tədbir
Milli Musiqi Gününün növbəti ənənəvi tədbiri Azərbaycan Milli Konservatoriyasında (AMK) keçirildi.
AMK-nın rektoru Xalq artisti Siyavuş Kərimi çıxış edərək Üzeyir Hacıbəylinin adı ilə bağlı olan Milli Musiqi Gününün önəmindən, dahi bəstəkarın yaradıcılığından, Azərbaycan musiqisinin inkişafında xidmətlərindən danışdı: “Fikrimcə, dünyada ən yaxşı beş musiqi mədəniyyəti varsa, onlardan biri də Azərbaycanın zəngin musiqi mədəniyyətidir. Musiqimiz səsləndirildiyi hər bir ölkədə böyük maraqla qarşılanır”.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov Üzeyir Hacıbəylinin doğum günü şərəfinə təsis olunan Milli Musiqi Gününün hər il təntənə ilə qeyd olunduğunu bildirdi, bayram münasibətilə musiqisevərləri təbrik etdi.
Sonra musiqi proqramı təqdim edildi. Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Buta” xalq çalğı alətləri orkestri (bədii rəhbər və dirijor Aysel Bağırova) tərəfindən Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Müqəddimə” təqdim edildi. Orkestrin müşayiəti ilə Əməkdar artist Təyyar Bayramov, xanəndələr Arzu Əliyeva və Aytən Məhərrəmovanın ifasında “Qarabağ şikəstəsi” səsləndirildi.
BMA-da konsert
Sentyabrın 18-də Milli Musiqi Gününün daha bir tədbiri dahi bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasında (BMA) gerçəkləşdi.
BMA-nın rektoru Xalq artisti Fərhad Bədəlbəyli Üzeyir Hacıbəylinin mədəniyyət tariximizdə yerindən danışdı. Dedi ki, Azərbaycanın zəngin musiqi mədəniyyətini, Üzeyir bəyin ənənələrini yaşatmalı və inkişaf etdirməliyik.
Daha sonra konsert proqramı təqdim olundu.
Konsertdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestri (bədii rəhbər və baş dirijor Xalq artisti, general-mayor Yusif Axundzadə), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova), Əməkdar artist Xəyyam Mustafazadə, solistlər Aynur İsgəndərli, Kənan Qədimov və başqaları çıxış etdilər.
Proqramda Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” və “Rəqs”, “Ey Vətən”, M.Maqomayevin “Odlar yurdu”, F.Bədəlbəylinin “Anamız Azərbaycan”, R.Axundzadənin “Qələbə marşı” əsərləri və “Heyratı” zərbi muğamı səsləndirildi.
Nurəddin