Üzeyir Hacıbəyli və Milli Musiqi Günü ilə bağlı xarici mediada materiallar yayımlanıb

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18 sentyabr – Milli Musiqi Günü ölkəmizdə silsilə tədbirlərlə geniş şəkildə qeyd olundu.

Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin (1885-1948) dünyaya göz açdığı günlə bağlı Azərbaycanın bir sıra ölkələrdəki səfirlik və konsulluqlarının təşkilatçılığı ilə həmin respublikaların radiolarında verilişlər efirə gedib.

Albaniya, İndoneziya, Küveyt, Efiopiya və digər ölkələrin radio dalğalarında Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası və eləcə də Milli Musiqi Günü barədə geniş məlumat verilib. Üzeyir Hacıbəyli dühası, onun Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrdən bəhs olunub.

Verilişlərdə Ümummilli lider Heydər Əliyevin mədəniyyətimizə diqqət və qayğısından, eləcə də Üzeyir Hacıbəyli irsinin təbliği istiqamətində atılan addımlardan söz açılıb. Bildirilib ki, Azərbaycan Prezidenti Heydər Əliyevin 1995-ci ildə imzaladığı fərmanla dahi bəstəkarın doğum günü Milli Musiqi Günü kimi təqvimimizə düşüb.

Verilişlərdə həmçinin 2009-cu ildən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirildiyi, bir sıra ölkələrdən ifaçı və kollektivlərin iştirak etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu il musiqi bayramı 15-ci dəfə gerçəkləşir. Radio dalğalarında Üzeyir bəyin ölməz musiqiləri də səsləndirilib.

***

Bir sıra ölkələrin informasiya portallarında da Üzeyir Hacıbəylinin doğum günü – musiqi bayramı ilə bağlı məqalələr yayımlanıb.

İtaliyanın “Agenzia Nova” informasiya agentliyində və “Kmetro0” portalında yayımlanan yazılarda 18 sentyabrın Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar gün olduğu bildirilir. Məqalələrdə Üzeyir bəyin həyat və yaradıcılığından bəhs olunur, onun Azərbaycan xalq musiqisi, Şərq və Qərb klassik musiqi ənənələri üzərində ölməz əsərlər yaratdığı diqqətə çatdırılır. Bəstəkarın təkcə Azərbaycanda deyil, Şərqdə opera janrının banisi olması, ölkəmizdə konservatoriya təsis etməsi, Azərbaycan Dövlət Himninin bəstəkarı olması kimi faktlardan söz açılır.

Yazılarda həmçinin diqqətə çatdırılır ki, 1995-ci ildən etibarən hər il Azərbaycanda Üzeyir Hacıbəylinin anadan olduğu gün – 18 sentyabr Milli Musiqi Günü kimi qeyd edilir. 2009-cu ildən isə sentyabr ayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, eləcə də müxtəlif tədbirlər və mərasimlər keçirilir.

***

Üzeyir bəy soraqlı daha bir məqalə isə Rumıniyanın “Agerpres” milli xəbər agentliyində yayımlanıb. Bu ölkədəki səfirimiz Hüseyn Nəcəfovun “18 sentyabr – Azərbaycan Milli Musiqi Günü” sərlövhəli məqaləsində də dahi bəstəkarın həyat və yaradıcılığı, ictimai fəaliyyəti barədə ətraflı məlumat verilir, əlamətdar günün tarixindən söz açılır. Yazıda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildən keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı barədə də bəhs olunur.