Türkiyənin məşhur hoteli bu ildən “Hər şey daxil” sisteminə keçir
   
   Fevralın 13-də “Four Seasons” mehmanxanasında Türkiyənin ən böyük hotellərindən olan “Mardan Palace”ın təqdimatı keçirildi. Azərbaycan Turizm Assosiasiyası və Türkiyədə fəaliyyət göstərən «Summer Tour» şirkətinin ölkəmizdəki rəsmi nümayəndəsi olan «Era Style»ın təşkilatçılığı ilə keçirilən tədbirə turizm və media təmsilçiləri dəvət olunmuşdu.
   
   Tədbiri “Summer Tour”un direktoru Mahir Əhmədov açaraq rəhbərlik etdiyi şirkətin fəaliyyətindən danışdı: “Şirkətimiz Türkiyədə 800 hotellə əməkdaşlıq edir. İldə «Summer Tour» şirkəti vasitəsilə bu ölkəyə 650 min turist gəlir. Yaxından əməkdaşlıq etdiyimiz hotellərdən biri də “Mardan Palace”dır. Etiraf edim ki, əvvəllər bu hotellə əməkdaşlıq edə biləcəyimizə inanmırdım. Çünki qiymətlərin çox baha olduğunu düşünürdüm. Amma hotel rəhbərliyi ilə danışıqlardan sonra gördüm ki, bu heç də belə deyil. «Mardan Palace» öz memarlığına görə də bir sənət əsəridir. Burada göstərilən xidmət dünyanın heç bir hoteli ilə müqayisə oluna bilməz. Mən bir çox ölkələrdə ən tanınmış hotellərdə qalmışam. Amma «Mardan Palace»da verilən səhər yeməyini heç yerdə görməmişəm. Bugünkü təqdimatın məqsədi də bu hoteli Azərbaycanın turizm bazarında tanıtmaqdır”.
   «Mardan Palase»ın baş meneceri Cumhur Özen hotel haqqında məlumatları slaydlar vasitəsilə təqdim etdi. Bildirdi ki, 2009-cu ildən fəaliyyət göstərən «Mardan Palace», Türkiyənin əksər hotelləri kimi, bu ildən «Hər şey daxil» sisteminə keçib. Bu sistemdən istifadə etməklə turistlər həm ailəvi, həm də fərdi şəkildə dincələ bilərlər: «Əvvəllər təklif etdiyimiz paketlərə sadəcə hoteldə qalmaq və səhər yeməyi daxil idi. Amma Antalyada əksər hotellər «Hər şey daxil» sisteminə keçdiyindən, biz də bu sistemlə işləmək qərarı verdik. İndi bir paketdə qonaqlara hoteldə qalmaq, gündə 3 dəfə yemək, hotelin bütün daxili xidmətlərindən istifadə etmək təklif olunur. Qiymətlərimiz də uyğundur, ən azından Antalyanın digər hotellərindən fərqlənməyən qiymətlər təqdim edirik. Hoteldə ailəvi istirahət, uşaqların əyləncəsi üçün şərait yaradılıb. İnanıram ki, təklif etdiyimiz xidmətlər və qiymətlərimiz Azərbaycan turistləri üçün də cəlbedici olacaq».
   Əməkdaşlıq etdikləri turizm şirkətləri üçün güzəştlərin nəzərdə tutulduğunu deyən Cumhur Özen bildirdi ki, mövsümün sonunda hotelin paketini ən çox satan turizm şirkətinin rəhbəri bir həftə «Mardan Palace»da pulsuz qalmaq imkanı əldə edəcək.
   «Era Style» şirkətinin direktoru Ayxan Allazlı isə rəhbərlik etdiyi şirkətin təqdim etdiyi turist paketlərindən danışdı və 50 faiz endirimlərin olduğunu dedi: “Türkiyədə bir çox hotellər 50 faizə qədər endirim təklif edirlər. Bu hotellərin içərisində «Mardan Palace» da var”. Şirkət direktoru onu da əlavə etdi ki, turistlər öncədən sifariş verdikləri halda əlavə üstünlüklər əldə edəcəklər.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar