Sentyabrın 19-da Qara Qarayevin Ev-Muzeyində görkəmli bəstəkar Arif Məlikovun 90 illik yubileyinə həsr olunmuş sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşıyeva-İbrahimovanın “Arif Məlikov: tarix və müasirlik” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən müəllif Qara Qarayev kimi dahi bəstəkardan dərs alan Arif Məlikovun musiqimizdə, incəsənətimizdə yeni bir səhifə açdığını bildirib. Diqqətə çatdırılıb ki, kitabda Arif Məlikovun həyat və yaradıcılığına həsr olunmuş məqalələr və onunla bağlı xatirələr yer alıb. Kitabın sonuncu bölməsində Arif Məlikovun məzunlarının ürək sözləri və xatirələri verilib. Əlavəyə isə bəstəkarın əsərlərinin siyahısı daxildir. Kitab həm ixtisas-musiqiçi, həm də geniş oxucu kütləsinə ünvanlanıb.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Qara Qarayevin Ev-Muzeyinin müdiri Züleyxa Qarayeva-Bağırova və digər çıxış edənlər Arif Məlikovun yaradıcılıq irsi və yeni nəşr barədə fikirlərini bölüşüblər.

Tədbir Arif Məlikovun əsərlərindən ibarət konsert proqramı ilə davam edib, videoyazılar, sənədli kadrlar nümayiş olunub.