Azərbaycan
23 sentyabr 1928 – Tanınmış opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Yusif qızı Əhmədova (1928 – 16.12.2011) Bakıda doğulub. Akademik Opera və Balet Teatrının solisti (1951-1988) olub. Əsas partiyaları: Nigar (“Koroğlu” – Ü.Hacıbəyli), Nərgiz, Gülzar (“Nərgiz”, “Şah İsmayıl” – M.Maqomayev), Sevil (“Sevil” – F.Əmirov) və s.
23 sentyabr 1928 – Tanınmış arxeoloq, tarix elmləri doktoru Rauf Maqomedoviç Munçayev (1928 – 4.7.2021) Zaqatalada doğulub. Rusiya EA-nın Arxeologiya İnstitutunun direktoru olub.
23 sentyabr 1929 – Yazıçı-jurnalist, Əməkdar incəsənət xadimi Əfqan (Hacıağa oğlu Əsgərov; 1929 – 13.2.2022) Salyan rayonunun Qarabağlı kəndində anadan olub. “Həsrət də bir vüsaldır”, “Qartal əfsanəsi” romanları, “Dədə Bəhmən” trilogiyası və s. əsərlərin müəllifidir.
23 sentyabr 1929 – Tarixçi, şərqşünas, türkoloq Yusif Bəhlul oğlu Yusifov (1929 – 4.1.1998) Qərbi Azərbaycanın Vedi mahalında doğulub. Azərbaycan Pedaqoji Universitetinin professoru, mixi yazılar üzrə mütəxəssis olub.
23 sentyabr 1957 – Əməkdar artist, qarmon ifaçısı Etibar İsmayıl oğlu Qasımbəyli (1957 – 27.10.2020) Bakıda doğulub.
23 sentyabr 1969 – Şair-publisist Ülvi Yusif oğlu Bünyadzadə (1969 – 20.1.1990) doğulub. 20 Yanvar qırğınında şəhid olub.
23 sentyabr 1970 – Görkəmli yazıçı-dramaturq, ssenarist Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov; 26.3.1910 – 1970) vəfat edib. “Toy”, “Nişanlı qız”, “Əliqulu evlənir” və s. pyeslərin, “Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenari müəllifidir.
23 sentyabr 2013 – Əməkdar artist Muxtar Şahmar oğlu İbadov (2.2.1955 – 2013) vəfat edib. Şəki Dram, Dövlət Gənclər teatrlarının aktyoru olub, filmlərə çəkilib.
23 sentyabr 2014 – Yazıçı, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Ələviyyə Hənifə qızı Babayeva (12.8.1921 – 2014) vəfat edib.
23 sentyabr 2015 – Şair, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Məmməd Muxtar oğlu Aslan (24.12.1939 – 2015) vəfat edib.
24 sentyabr 1977 – Tanınmış şair, Dövlət mükafatı laureatı Əhməd Cəmil (Əhməd Səttar oğlu Cəmilzadə; 20.10.1913 – 1977) vəfat edib. Ədəbi nəşrlərdə müxtəlif vəzifələrdə çalışıb. Rus dilindən ədəbi tərcümələr edib.
24 sentyabr 2012 – Prezident İlham Əliyev Xalq artisti, tanınmış müğənni Şövkət Ələkbərovanın 90 illik yubileyi haqqında sərəncam imzalayıb.
24 sentyabr 2022 – Prezident İlham Əliyev mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb.
25 sentyabr 1890 – Folklorşünas alim, Əməkdar mədəniyyət işçisi Əbülqasım Nurməmməd oğlu Hüseynzadə (1890 – 2.9.1988) anadan olub.
25 sentyabr 1896 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Sergey Mitrofanoviç Yefimenko (1896-1971) anadan olub. 1927-ci ildən Dövlət Rus Dram Teatrında rəssam və baş rəssam işləyib, Opera və Balet Teatrında çalışıb.
25 sentyabr 1906 – Azərbaycanın və Türkmənistanın Əməkdar artisti, opera müğənnisi Xanlar Məmməd oğlu Haqverdiyev (1906 – 5.12.1980) Ağdam rayonunun Seyidli kəndində doğulub. Akademik Opera və Balet Teatrında çalışıb. 1930-cu illərdə Türkmənistanda Opera və Dram Teatrının yaradılmasında böyük xidmətləri olub.
25 sentyabr 1906 – Xalq artisti Solmaz (Nina) Orlinskaya (1906-1973) anadan olub. Tiflis Azərbaycan teatrında çalışıb, 1933-cü ildən Gəncə Dram Teatrının aktrisası olub.
25 sentyabr 1910 – Xalq artisti Sergey İliç Yakuşev (1910–1995) Həştərxanda doğulub. 1948-ci ildən Dövlət Rus Dram Teatrının aktyoru olub.
25 sentyabr 1913 – Xalq rəssamı, Dövlət mükafatları laureatı Nüsrət Möhsün oğlu Fətullayev (1913 – 1.10.1987) Lənkəran rayonunda doğulub. 1935-ci ildən Akademik Milli Dram Teatrında çalışıb, teatrın baş rəssamı olub.
25 sentyabr 1928 – Kinorejissor, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Arif Hacağa oğlu Babayev (1928 – 26.8.1983) Bakıda doğulub. Filmləri: “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “Alma almaya bənzər”, “Birisigün, gecəyarısı...” və s.
25 sentyabr 1929 – Kitabxanaşünas alim Tacəddin Fərhad oğlu Quliyev (1929–2005) Goranboy rayonunun Zeyvə kəndində anadan olub. Respublika Kitabxana Kollektorunun direktoru, BDU-nun kafedra müdiri işləyib.
25 sentyabr 1935 – Tanınmış ədəbiyyatşünas, filosof Asif Qasım oğlu Əfəndiyev (Asif Ata; 1935 – 6.6.1997) anadan olub. “Dairələr”, “İnsan yolu”, “Tarixə çatmaq” və d. fəlsəfi-bədii əsərlərin müəllifidir.
25 sentyabr 1984 – Əməkdar incəsənət xadimi, kinorejissor Zeynəb Talıb qızı Kazımova (27.12.1912 – 1984) vəfat edib.
26 sentyabr 1936 – Əməkdar artist, tanınmış rəqqas Kamil Hənifə oğlu Dadaşov (1936 – 15.10.2016) Bakının Novxanı kəndində anadan olub.
26 sentyabr 1951 – Xalq artisti Ramiz Soltan oğlu Məmmədov (1951 – 21.3.2021) anadan olub. Akademik Musiqili Teatrda çalışıb. Televiziya tamaşalarında, filmlərdə (“Alma almaya bənzər”, “Yalan”) çəkilib.
26 sentyabr 1961 – Görkəmli müğənni, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov; 22.6.1897 – 1961) vəfat edib. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub, xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetini yaradıb.
26 sentyabr 1967 – Əməkdar artist Nağəddin Ağarza oğlu Məmmədov (1967 – 22.5.2019) Göygöl rayonunda doğulub. Gəncə Dövlət Kukla Teatrının aktyoru olub.
26 sentyabr 2002 – Əməkdar artist, vokalçı (soprano) Mariya Sergeyevna Titarenko (27.3.1917 – 2002) vəfat edib. Akademik Opera və Balet Teatrının solisti olub.
26 sentyabr 2008 – Əməkdar incəsənət xadimi, kinooperator Şərif İsmayıl oğlu Şərifov (13.10.1938 – 2008) vəfat edib. Filmləri: “Yol əhvalatı”, “Əzablı yollar”, “Qərib cinlər diyarında” və s.
26 sentyabr 2021 – Əməkdar incəsənət xadimi, bəstəkar Adil Musa oğlu Bəbirov (15.2.1934 – 2021) vəfat edib. Ömrünün son illərini Kanadada yaşayıb.
Dünya
23 sentyabr 1901 – Çexiya yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1984) laureatı Yaroslav Seyfert (Jaroslav Seifert; 1901–1986) anadan olub.
23 sentyabr 1913 – Gürcü bəstəkarı, SSRİ Xalq artisti Aleksey Davidoviç Maçavariani (1913–1995) anadan olub. “Pələng dərisi geymiş pəhləvan”, “Otello” baletlərinin müəllifidir.
23 sentyabr 1930 – Amerika cazmeni və pianoçusu Rey Çarlz (Raymond Charles Robinson; 1930 – 10.6.2004) anadan olub.
23 sentyabr 1938 – Alman aktrisası Romi Şnayder (Romy Schneider – Rosemarie Magdalena Albach-Retty; 1938–1982) Vyanada doğulub. Filmləri: “Əsas sevməkdir”, “Kristina”, “Köhnə tüfəng” və s.
24 sentyabr 1896 – Amerika yazıçısı Frensis Skott Fitscerald (Francis Scott Key Fitzgerald; 1896 – 21.12.1940) anadan olub. Əsərləri: “Cənnətin bu tərəfində”, “Gözəl və lənətlənmişlər”, “Böyük Qetsbi” və s.
24 sentyabr 1934 – İngilis fantast-yazıçısı Con Branner (John Kilian Houston Brunner; 1934-1995) anadan olub.
25 sentyabr 1765 – Polşa bəstəkarı Mixail Oginski (Michal Kleofas Oginski; 1765–1833) anadan olub.
25 sentyabr 1897 – Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1949) Vilyam Folkner (William Cuthbert Faulkner; 1897–1962) anadan olub. “Avqustda işıq”, “Şəhər”, “İmarət” və s. Romanların müəllifidir.
25 sentyabr 1906 – Rus bəstəkarı, dirijor, pedaqoq Dmitri Dmitriyeviç Şostakoviç (1906 – 9.8.1975) anadan olub. “Burun”, “Mtsen qəzasının ledi Makbeti” operaları, “Qızıl əsr”, “İşıqlı bulaq” baletləri, 15 simfoniya və s. əsərlərin müəllifidir. Moskva Konservatoriyasında Qara Qarayevin müəllimi olub.
26 sentyabr 1888 – Amerika-ingilis şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1948) laureatı Tomas Eliot (Thomas Stearns Eliot; 1888–1965) anadan olub. XX əsr modern poeziyasının parlaq nümayəndələrindən biridir.
Hazırladı: V.Orxan