Sultan Süleymanın doğulduğu “Şahzadələr şəhəri”

 

Adı “Dədə Qorqud” dastanında da çəkilən, Osmanlı imperiyasının onuncu padşahı Sultan Süleyman Qanuninin doğulduğu və uşaqlığının keçdiyi bu şəhər, onun tarixi tikililəri və gözəl təbiəti haqqında məlumatım ancaq oxuduqlarım, internetdə, televiziyalarda görüb-eşitdiklərim qədər idi. Amma deyir, yüz eşitməkdənsə bir görmək yaxşıdır...

Trabzon Türkiyə ərazisinin böyüklüyünə görə iyirmi doqquzuncu şəhəridir. 4 min kvadrat kilometrdən çox ərazisi olan Trabzon vilayəti Qara dəniz sahilləri ilə Ziqana dağları arasında yerləşir. Əsrarəngiz təbiətə, zəngin tarixə və mədəniyyətə malik bu şəhər haqqında tanınmış səyyah Övliya Çələbi vaxtilə demişdi: “Trabzona kiçik İstanbul desək, yanılmarıq. O, İrəm bağları kimi bəzəkli, rəngarəng bir şəhərdir”.

Təyyarəmiz Trabzon aeroportuna enəndə gecə olduğundan şəkillərdən gördüyüm yaşıllıqlar qoynundakı şəhərin gözəlliyini sezməsəm də, havanın təmizliyini aldığım nəfəsdə hiss etdim...

Türkiyə Mədəniyyət Yolu Festivalları – Trabzonun çal-çağırlı günləri

Nə xoş ki, səfərimiz 19-27 avqust tarixlərində keçirilən “Türkiyə Mədəniyyət Yolu Festivalları”na, möhtəşəm tədbirin bir dayanacağı olan Trabzon (Sümela) günlərinə təsadüf edirdi. Yəni Trabzonda qələbəlik, çal-çağırlı günlər idi. Festival çərçivəsində şəhərin müxtəlif məkanlarında sərgi, tamaşa, konsert, film nümayişləri vardı və tədbirlərə giriş sərbəst idi. Hətta foto həvəskarları festival günlərində Trabzon mənzərələrini kameranın yaddaşına köçürüb qazanc da əldə edə bilərdilər. Festival zamanı çəkilmiş fotoşəkillər münsiflər heyəti tərəfindən qiymətləndirilərək müəlliflərə müvafiq pul mükafatı təqdim olunurdu.

Biz bu fürsətdən istifadə edə bilməsək də, ailəliklə evində qonaq qaldığımız tanışımız Mehmet bəyin sayəsində Trabzonu yaxından tanımaq imkanımız oldu.

Səyahətimizin ilk günü Trabzon Şəhər Muzeyini ziyarət etdik. Muzeydə tarixi maraqlı eksponatlar – misdən qablar, mum heykəllər, milli geyimlər, ilk Trabzon liseyi və qardaş ölkənin 4 güclü komandasından olan “Trabzonspor”un nailiyyətləri haqqında məlumat aldıq.

Muzeyi tərk edərkən gözlənilməz məqamla qarşılaşdıq. Bu zaman festival iştirakçılarının orkestrin müşayətilə mərkəzi küçədən təntənəli yürüşünə şahid olduq. Biz də bu axına qoşulduq. Uzun taxtaların üzərində gəzən jonqlyorların hərəkətləri hər kəsin, xüsusilə uşaqların sevinc və marağına səbəb oldu.

“Türkiyə Mədəniyyət Yolu Festivalları” çərçivəsində hər axşam Trabzon Sərgi Mərkəzində Bengü, Mehmet Erdem və Rubato, Metin Özülkü, Ömür Gedik, Hande Ünsal, Gökhan Tepe və s. digər tanınmış müğənnilərin iştirakı ilə konsert proqramları təşkil olunurdu. Bundan əlavə, türk xalq və sənət musiqisi, xalq rəqs ansamblları öz ifaları ilə şəhərin sakinlərinə və qonaqlara unudulmaz anlar yaşadırdı. Trabzon Böyükşəhər Bələdiyyəsi Hamamizadə İhsanbəy Mədəniyyət və İncəsənət Mərkəzində “Kəsişmə: yaxşı ki varsan, Eren” filminin nümayişi də yaddaqalan oldu. Film 11 avqust 2017-ci ildə Trabzonun Maçka qəsəbəsində terrorçularla qəhrəman türk əsgərləri arasında baş verən qarşıdurmada şəhid olan Eren Bülbül, ehtiyatda olan zabit Ferhat Gedik və Fethi Sekindən bəhs edir.

 

Sümela monastırı

 

Səyahətimizin növbəti ünvanı Məryəm ana və ya Sümela monastırı oldu. Qeyd edək ki, Türkiyənin Qara dəniz bölgəsində çoxlu monastırlara rast gəlmək mümkündür. Nəhəng meşələr, sıldırım qayalar, çətin çıxılan dağlar monastır üçün həmişə uyğun sayılıb. Müxtəlif dövrlərə şahidlik edən və günümüzə qədər gəlib çatan bu tikililər möhtəşəm arxitekturası ilə insanları valeh etməkdədir. Onu da bildirək ki, Sümela monastırı 2000-ci ildə UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına salınıb.

Biz də uzun yol qət etdikdən sonra, nəhayət, gəlib çatdıq görkəmi və yerləşdiyi məkan ilə ziyarətçiləri, sözün həqiqi mənasında, heyrətə salan Sümela monastırına.

Dəniz səviyyəsindən 1150 metr yüksəklikdə yerləşən monastırın “Sümela” adı “qara” mənasını verən yunanca “melas” sözündən götürüb. Bəziləri monastırın adının üzərində qurulduğu qara rəngli dağdan gəldiyini deyir, bir çoxları isə buradakı Məryəm ikonasının qara rəngdə olduğunu, ona görə belə adlandırıldığını söyləyir.

Deyilənə görə, vaxtilə Sümela monastırı müqəddəs məkan kimi tanınıb. Burada möcüzələrinə inanıldığı “Qara Madonna” kimi tanınan Məryəm ana ikonası olub. Guya bu ikona xəstəlikləri, aclığı və hər cür bəlaları aradan qaldırırmış. Rəvayətə görə, bir rahib yuxuda həzrət İsa və Məryəm ananı mağarada görür. Məryəm ana rahibə müqəddəs Lukanın onun üçün ikona düzəltdiyini və bu ikonanın mələklər tərəfindən mağaraya gətirildiyini söyləyir. O, yuxudan oyanır və bu mağaranı axtarmaq üçün yola düşür. Afinadan yola çıxan rahib Trabzon limanında başqa bir rahiblə – İstanbuldan gələn rahiblə qarşılaşır. İstanbullu rahib də eyni yuxunu gördüyü üçün həmin mağaranı axtarırdı. Bir-birindən xəbərsiz və müxtəlif yerlərdən gələn bu iki rahib – Barnabas və Sophroios yuxuda gördükləri mağaranı tapırlar. Həqiqətən də, ikona mağaranın içərisində idi. Onlar dərhal buranı kilsəyə çevirmək üçün işə başlayırlar. Deyilənə görə, sonralar xristianlığın mühüm mərkəzlərindən birinə çevrilən Sümela monastırı belə yaranır.

Biz də monastırı görmək üçün təxminən 300 metr uzunluğunda çox ensiz pilləkənləri qalxırıq. Nəhəng küknar və vələs ağaclarının əhatəsindəki yol sanki adamı sehrli nağıllar aləminə aparır...

Kassadan biletləri almaq istəyəndə məlum olur ki, monastıra girmək üçün muzeylərə giriş kartı olmalıdır. Abidəyə giriş haqqı isə 450 türk lirəsi (təxminən 25 manat) təşkil edir. Oğlum Mikayılın təkidi ilə jurnalist vəsiqəmizi göstəririk. Kassir xanım Azərbaycan Mədəniyyət Nazirliyinin “Mədəniyyət” qəzetində işlədiyimizi biləndə gülümsəyərək “memur” deyib, giriş haqqının yarısını ödəyəcəyimizi bildirir. 

İçəri daxil oluruq. Turist sarıdan qələbəlikdir və hər kəs bu tarix yadigarının qarşısında heyrətini gizlədə bilmir. Elə biz də. Möhtəşəm tikili rahiblərin, şagirdlərin otaqları, ibadətgahları, mehmanxana və kitabxanası ilə birlikdə ümumilikdə 72 otaqdan ibarətdir. Monastırın ortasındakı bulaq marağımıza səbəb olur. Deməli, yuxarıdakı qayalardan iri su damcıları bir yerə cəmləşərək bulağa çevrilir. Əsrlər boyu heç zaman kəsilməyən bu suyun bəzi xəstəlikləri sağaltdığına inanılıb...

Monastırın divarlarındakı Məryəm ana və İsa peyğəmbərin əks olunmuş freskaları qarşısında dayanırıq. Təsvirlərin baş hissələrində bir sıra freska birləşmələrinin niyə qopduğunu, yaxud qoparıldığını xəbər alırıq. Bildirilir ki, qədim zamanlarda cahil insanlar həmin təsvirlərin bəzi hissələrini qoparıb suya qarışdırıb xəstələrə içirdiblər. Guya bununla insanların şəfa tapacaqlarına inanıblar.

 

Gözoxşayan Uzungöl

 

Səyahətimizin 3-cü günü Soğanlı və Kaçkar sıra dağlarının kəsişməsində yerləşən füsunkar görkəmli Uzungölə üz tutduq. Göl qayaların qoparaq Haldizən dərəsinin önünü kəsməsi nəticəsində yaranıb. Ərazidə daimi yaşayış 1650-ci illərdən başlanıb. Burada ilk olaraq qeyri-müsəlman 12 tayfa məskunlaşıb. Daha sonra müsəlmanlar da yerləşiblər. Uzungöl ərazisi turistlərin marağını çəkən məkanlardandır. Ona görə də burada çoxsaylı hotel, pansionat və istirahət kompleksləri tikilib və ilboyu xidmət göstərir.

Yaxınlıqdakı dağların ətəklərindəki ağacların əksinin düşdüyü göl əsrarəngiz mənzərəsi ilə göz oxşayır.  Ətrafdakı turistlərin səs-küyünə rəğmən göl gözəlliyi ilə adamın ruhuna rahatlıq bəxş edir. Saatlarla səssizcə dayanıb gölü, ətrafdakı yaşıllığı, möhtəşəm dağları seyr etmək istəyirsən...

 

Görə bilmədiyimiz Atatürk köşkü

 

Növbəti gün “Şahzadələr şəhəri” Trabzonun maraqlı məkanlarından olan Atatürk köşkünü görməyə getdik. Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə onun qurucusunun xatirəsini bu tarixi yerdə yad etmək istədik.

Təəssüflər olsun ki, köşkdə davam edən təmir səbəbindən arzumuz gerçəkləşmədi. Oradakı işçilərdən təmir prosesinin nə zaman başa çatacağını xəbər aldıq. Bildirildi ki, ötən ildən həyata keçirilən təmir işləri bu ilin oktyabr ayında yekunlaşacaq. Biz də təəssüf içində üz tutduq Türkiyənin ikinci Ayasofya camisinə...

 

Məbəddən məscidə...

 

Ayasofya Orta əsrlərdə dənizə yaxın və dağlıq ərazidə tikilmiş monastır kilsəsi idi. Abidə Bizans əyalət üslubu, gürcü soğan qübbəsi və Səlcuqlu daş hörgülərinin harmoniya içində istifadə edildiyi qeyri-adi bir memarlığa malikdir.

Bu gün həm muzey, həm də məscid kimi ziyarət edilən Trabzon Ayasofya kilsəsi Trabzon İmperatorluğunun padşahlarından I Manuel Komnenos (1238-1263) dövründə inşa olunub. İngilis səyyahı və tədqiqatçısı Q.Finlay tərəfindən 1427-ci ilə aid edilən zəng qülləsi kilsənin qərbində yerləşir. Kilsənin şimalındakı üç apsisli kapellanın qalıqlarının daha erkən dövrə aid olduğu təxmin edilir. Fateh Sultan Mehmet Trabzonu fəth etdikdən sonra bina məscidə çevrilib. Ayasofya əsrlər boyu şəhəri ziyarət etməyə gələn səyyahların və tədqiqatçıların diqqətini çəkib. 1868-ci ildə xaraba görkəmi alan məscidin bursalı Rza Əfəndinin təşviqi ilə əsaslı təmir edildiyi bildirilir.

Trabzon Ayasofyası tarix boyu müxtəlif funksiyaları yerinə yetirib. XVI-XVII əsrlərdə məscid, I Dünya müharibəsi illərində – Rusiya işğalı zamanı hərbi qərargah, xəstəxana, anbar kimi istifadə olunub. İşğaldan azad edildikdən sonra yenidən məscid kimi fəaliyyət göstərib. 1964-cü ildə isə muzeyə çevrilib. Bina 2013-cü ildə yenidən məscid kimi ibadətə açılıb. Tikilidə çox sayda freskalar və Məryəm ana freskası var. Biz divarlarda xristian mozaikaları ilə yanaşı, dörd ərəb xəlifəsi – Əbu Bəkr, Ömər, Osman və Əlinin adlarına da rast gəldik.

Trabzona səyahətimizin qalan bir neçə gününü isə hədiyyə almaq üçün alış-veriş mərkəzlərində keçirdik. Sonuncu gün isə öz sehri və gözəlliyi ilə yaddaşımızda dərin iz qoyan şəhərdən heç ayrılmaq istəmirdik...

Sağlıq olsun, bu gözəl şəhərə növbəti səfərimizdə Atatürk köşkündən xüsusi yazı hazırlamaq diləyi və bizə mükəmməl bələdçilik edən Mehmet bəyə təşəkkürlərlə...

Səbinə Əlibalaqızı
Bakı-Trabzon-Bakı