Builki sərgiyə yeddi ölkənin nümayəndəsi ilk dəfə qatılacaq
12-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi («AİTF-2013») ənənəvi olaraq yay məzuniyyətləri və tətillər ərəfəsində, aprel ayının 4-dən 6-dək «Baku Expo» sərgi kompleksində keçiriləcək.
Sərginin layihə rəhbəri Xəyalə Əliyevanın qəzetimizə verdiyi məlumata görə, bu il «AİTF-2013»ün iştirakçılarının coğrafiyası dünyanın 35 ölkəsini əhatə edəcək. İştirakçılar turizm sənayesinin müxtəlif istiqamətlərini təqdim edəcəklər. Buraya avia-agentliklər, turoperatorlar və turizm agentlikləri, mehmanxanalar, sanatoriya və pansionatlar, macəra turizmi üzrə ixtisaslaşan, habelə işgüzar səfərlərin, idman, ekoloji və maarifləndirici turizmin, eləcə də elit istirahətin təşkili ilə məşğul olan şirkətlər daxildir. Sərgidə müalicə turizmi geniş şəkildə təqdim ediləcək. İlk dəfə olaraq sərgidə sürətlə populyarlıq qazanan «Xaricdə əmlak» adlı bölmə də təmsil olunacaq.
Sərgidə 16 ölkə öz milli stendləri ilə çıxış edəcək. Bu il sərginin daimi iştirakçıları - Türkiyə, Gürcüstan, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və digər ölkələrlə yanaşı, ilk dəfə olaraq Bakıya Dominikan Respublikası, Mərakeş, Macarıstan, Sloveniya, Tailand, Tunis və Fransanın da nümayəndələri gələcəklər. Sərgi ziyarətçiləri müəyyən fasilədən sonra yenidən Misir turoperatorlarının təklifləri ilə tanış ola biləcəklər.
Layihə rəhbərinin sözlərinə görə, artıq sərgi meydançalarının 60 %-dən çoxu tutulub: «Türkiyə və Gürcüstan sərgi stendlərinin sahəsini, demək olar ki, iki dəfə artırıb. Bu da şübhəsiz ki, onlara çoxlu sayda ziyarətçini qəbul etmək və öz ölkələrinin zəngin potensialını bütün gözəlliyi ilə nümayiş etdirmək üçün imkan yaradacaq. Milli hava daşıyıcısı olan AZAL konserni də öz stendini genişləndirib».
Xəyalə Əliyeva onu da bildirdi ki, bu il Azərbaycanın turizm potensialını nümayiş etdirən geniş regional ekspozisiyanın təşkili planlaşdırılır. Həmişəki kimi, sərgidə təqdimat mərasimləri və seminarların keçirilməsi də nəzərdə tutulur. Bundan əlavə, iştirakçıların stendlərində müxtəlif lotereyalar və istirahət turları oynanılacaq.
Qeyd edək ki, AİTF sərgisi əsası qoyulduğu vaxtdan Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə təşkil edilir. Bundan əlavə, sərgi Dünya Turizm Təşkilatı tərəfindən də rəsmi olaraq dəstəklənir.
Fəxriyyə