Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin həyata keçirdiyi silsilə tədbirlər çərçivəsində teatr kollektivlərinin regionlara qastrol səfərləri yeni mövsümdə də davam edir.

Aksiyanın məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Qastrol səfərləri çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı sentyabrın 26-da “Qarabağnamə” tamaşası ilə Şəki Dövlət Dram Teatrında çıxış edəcək. Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Qeyd edək ki, bu günlərdə aksiyanın iştirakçısı kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Qusarda, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı isə Lənkəranda qastrolda olub.