ATİ-nin rektoru Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun iclasında iştirak edib
Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Avrasiya İpək Yolu Universitetləri Konsorsiumu (ESRUC) İcraedici Şurasının növbəti yığıncağı keçirilib.
29 ölkədən 200 universitetin qatıldığı konsorsiumun İcraedici Şurasına Malayziya, Pakistan, İtaliya, Monqolustan, Qırğızıstan, Gürcüstan, Hindistan, Türkiyənin ali məktəb rəhbərləri, eləcə də ölkəmizdən Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov təmsil olunur.
İclasda üzv ali təhsil müəssisələri arasında elmi şəbəkənin inkişaf etdirilməsi, İpək Yolu təhsili və Elm Karvanına dair yeni ideyalar, elm və texnologiya üzrə tematik forum və İpək Yolu mədəniyyətləri mövzularında müzakirələr olub.
Cəfər Cəfərov bildirdi ki, tədbir iştirakçıları Malayziyanın Putra Universitetində təşkil edilmiş sessiyaya qatılıblar. Sessiyada konsorsiumun hazırkı və gələcək fəaliyyətini əks etdirən təqdimata baxış keçirilib, müzakirələr aparılıb. ATİ rektoru Putra Universitetinin bir neçə fakültə və struktur rəhbərləri ilə tədqiqat və təhsil sahəsində əməkdaşlığa dair danışıqlar aparıb.
Qeyd edək ki, 2010-cu ilin may ayında yaradılan Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun məqsədi İpək Yolu üzərində yerləşən dövlətlərdə təhsilin, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə, zəngin mədəni irsin bərpası və qorunmasına, bu sahədə prioritet istiqamətlərin müəyyənləşdirilməsinə xidmət etməkdir. Konsorsiumun növbəti toplantısının Monqolustan və ya Hindistanda keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.