100 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasına təqdim olunan hədiyyələr arasında Rusiyanın B.N.Yeltsin adına Prezident Kitabxanasında saxlanılan Bakının tarixi ilə bağlı unikal arxiv sənədlərinin surətləri də var. Bu barədə Rusiya Prezident Kitabxanasının mətbuat xidməti məlumat yayıb.
Kitabxananın baş direktoru Yuri Nosov qeyd edib ki, sənədlər arasında Xəzər dənizinin XVII əsrdən başlayaraq XIX əsrin əvvəlinə qədərki dövrü əhatə edən nadir xəritələri, Bakı Quberniyasının XIX əsrə aid planları, o cümlədən Bakı şəhərinin və ona yaxın ərazilərin planları və digər materiallar var.
O bildirib ki, elektrikli tramvay və 1898-1900-cü illərdə Bakının işıqlandırılması planı xüsusi maraq kəsb edir. Bakıda hələ 1900-cü ildə işlənib hazırlanan və elektrik dartma qüvvəsi ilə işə düşən tramvay rabitəsinin inkişaf planları 20-ci illərdə icra edilib. 1924-cü il fevralın 8-də Bakı şəhərində SSRİ üzrə ilk elektrik tramvayı işə salınıb. Qeyd etmək lazımdır ki, Azərbaycan həm də SSRİ-də ilk elektrik dəmir yolunun vətənidir. 1926-cı ildə elektriklə işləyən Bakı-Sabunçu-Suraxanı dəmir yolu xətti işə salınıb.
Y.Nosov onu da diqqətə çatdırıb ki, milyondan artıq arxiv vahidinin saxlanıldığı Rusiya Prezident Kitabxanasının fondunda Rusiya dövlətçiliyinin, eləcə də vaxtilə SSRİ-nin tərkibinə daxil olan ölkələrin tarixinə aid kitablar və dövri nəşrlər, kino xronikası, fotoşəkillər, elmi-maarifləndirici filmlər, dissertasiya avtoreferatları, arxiv sənədləri və materialları rəqəmsal formada təqdim olunur.
Kitabxananın portalında “Rusiya-Azərbaycan: qarşılıqlı münasibətlərin tarixi” kolleksiyası ilə də tanış olmaq mümkündür. Bu kolleksiya Azərbaycanın diplomatik, ticarət və mədəni əlaqələri, qədim tarixə dair tədqiqatların inkişafı, habelə onun ərazisinin Rusiya İmperiyasının və Sovet İttifaqının tərkibinə daxil olduğu XIX–XX əsrlərə aid sənədləri əks etdirir.