Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Kinofilmlərdən musiqi” adlı konsert proqramı təqdim edildi.
Proqram Azərbaycan kinosunun 125, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiklərinə həsr olunmuşdu. Layihənin ideya müəllifi tanınmış vokalçı, Əməkdar artist Ramil Qasımovdur.
Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Xalq artisti Ənvər Sadıqovun “Qaytağı” ansamblının iştirakı ilə keçirilən konsertdən əvvəl Vətən uğrunda şəhid olan igid oğulların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra Azərbaycan kinosunun yaranma tarixi və kino musiqimiz haqqında məlumat verildi.
Əməkdar artist Ramil Qasımov Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Əsgərin ariyası”nı ifa etdi. İfaçı Üzeyir bəy dühasından, kino musiqimizin zənginliyindən, Azərbaycan kino musiqisində xüsusi adı olan bəstəkarlarımızdan söz açdı. Vokalçı daha sonra Xalq artisti Tofiq Quliyevin “Bəxtiyar” filmi üçün bəstələdiyi “Sevgilim” mahnısını səsləndirdi.
Konsert proqramı kino musiqiləri ilə davam etdi. “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Bəxtiyar”, “Yenilməz batalyon”, “Telefonçu qız”, “Möcüzələr adası”, “Dədə Qorqud”, “Baladadaşın ilk məhəbbəti”, “Yuxu”, “Romeo mənim qonşumdur”, “Görüş”, “Əhməd haradadır?” və s. filmlərdən musiqilər təqdim edildi. Xalq artisti Fidan Hacıyeva, Əməkdar artistlər Lalə Məmmədova, İnarə Babayeva, Zamiq Hüseynov, ifaçılar Fatimə Cəfərzadə, Amil Həsənoğlu və digər solistlərin ifasında səslənən mahnılar alqışlarla qarşılandı.
Lalə Azəri