Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində daha bir konsert sentyabrın 21-də Azərbaycan Milli Konservatoriyasında (AMK) Dövlət Nəfəs Alətləri Orkestrinin (bədii rəhbər-direktor Əməkdar incəsənət xadimi Əlibala Rzayev) ifasında təqdim olundu.

Əvvəlcə səhnəyə çıxan AMK-nın rektoru Xalq artisti Siyavuş Kərimi Azərbaycan Silahlı Qüvvələrinin 19-20 sentyabrda Qarabağdakı qanunsuz hərbi birləşmələrə qarşı apardığı antiterror tədbirləri zamanı qazanılan qələbədən danışdı, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən Vətən övladlarına rəhmət, qazilərə şəfa dilədi.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi Nəzəriyyə şöbəsinin müəllimi, musiqişünas Nərgiz Kərimova dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin yaradıcılığından söz açdı.

Sonra konsert proqramı təqdim olundu.

Proqramda Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” və “Cəngi”, “Arazbarı”, “Arşın mal alan” operettasından “Uvertüra”, F.Əmirovun “Aşıqsayağı”, Oqtay Zülfüqarovun “Bayram uvertürası”, T.Quliyevin “Görüş” kinofilmindən “Vals”, Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət “Fantaziya”, Polad Bülbüloğlunun “Şən Azərbaycan”, Müslüm Maqomayevin “Azərbaycan” (solist Mahir Tağızadə) və Q.Qarayevin “Azərbaycan marşı” əsərləri səsləndirildi.

Orkestrin məharətli və ahəngdar çıxışını musiqisevərlər gur alqışlarla qarşıladılar.

Nurəddin