Üzeyir Hacıbəyli festivalının növbəti konserti

 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı (18-28 sentyabr) davam edir.

Sentyabrın 20-də festival çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında “Ruhun tellərində” adlı konsert təşkil edildi.

Gecənin tamaşaçıları arasında Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər vardı.

Konsertdə Əməkdar artistlər İnarə Babayeva (vokal, soprano), Şəhla Əlizadə (arfa) və musiqiçi Şeyda Əliyeva (fleyta) çıxış etdilər.

Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından “Gülçöhrənin ariyası” və “Qızların xoru”, “Sənsiz” romansı, F.Əmirovun “Ulduz”, S.İbrahimovanın “Dağ küləyi”, eləcə də V.Bellini, F.Şubert, E.Qriq, D.H.Conant, L.Delibes və başqa bəstəkarların əsərləri və “Səndən mənə yar olmaz” xalq mahnısı səsləndirildi.

Bütün çıxışlar alqışlarla qarşılandı.

N.Məmmədli