20-24 sentyabr tarixlərində Anqolanın paytaxtı Luanda şəhərində “Ngola Symphony” musiqi festivalı keçirilib.
Festivalda ölkəmizi Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, tarzən Sahib Paşazadə təmsil edib. Bununla da Mərkəzi Afrika ölkəsi Anqolada Azərbaycan musiqisi ilk dəfə təbliğ olunub.
Sahib Paşazadə “Simfonik incəsənət musiqi savadının və estetik-performativ həssaslığın təkmilləşdirilməsi vasitəsi kimi” devizi altında keçirilən festivalın açılış mərasimində Anqolanın tanınmış sənət adamları və digər ölkələrdən fəxri qonaqlarla eyni səhnəni bölüşüb.
Qeyd edək ki, Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının (ADT) və Anqoladakı İncəsənət və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan musiqisinin dünyada təbliği məqsədilə “Birləşmiş səslər” xeyriyyə layihəsi həyata keçirilir. ADT-nin təsisçisi və prezidenti, uzun illərdir Afrikada yaşayan Billurə Bayramova-Bernardın sözlərinə görə, layihə çərçivəsində Anqolanın Camunga musiqi məktəbi simfonik orkestrinin solistləri və Anqola İncəsənət və Mədəniyyət Fondunun tələbələri üçün Sahib Paşazadə tərəfindən ustad dərsləri də keçirilib. Ustad dərslərində yerli tələbələrə Azərbaycan musiqisi və tarla bağlı məlumat verilib, alətin tarixi və ifaçılıq xüsusiyyətlərindən söz açılıb.