Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi konserti keçirildi.

Sentyabrın 22-də gerçəkləşən tədbiri sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı açaraq Azərbaycan Ordusunun Qarabağda uğurlu antiterror əməliyyatı barədə məlumat verdi. Dedi ki, dövlətimiz 24 saat müddətində öz məqsədinə çatıb, düşmən təslim olub. Uğur və qələbələr bizimlə olsa da, itkilərimiz də var. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Daha sonra kamera musiqilərindən ibarət proqram təqdim edildi.

Səid Qəninin fortepiano üçün “Adajio”, İlahə Abdullayevanın tar və fortepiano üçün “Mistika”, Tahir İbişovun “Gül surətə nəzər” romansı, Tural Məmmədlinin violin və fortepiano üçün “Tünd rənglərin palitrası”, İlham Azmanlının fortepiano üçün “Novruz bayramı coşqusu”, Vüqar Məmmədzadənin “Ayüzlü nigarım” romansı və Pikə Talıblının “İstiqlal triosu” əsərləri səsləndirildi.

Çıxışlar alqışlarla qarşılandı.

Savalan