Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı davam edir. 10-dək ölkədən ifaçı və kollektivin qatıldığı festival rəngarəng konsert, təqdimat, tamaşa nümayişi, ustad dərsi və s. tədbirlərlə yaddaşlara yazılır.

Sentyabrın 26-da festival çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) kiçik zalında “Quatuor Diotima” (Fransa) simli kvarteti tərəfindən (kvartetin üzvləri: Yun-Peng Zhao-violin, Leo Marillie-violin, Franck Chevalier-viola, Alexis Descharmes-violonçel) ustad dərsi keçirilib.

Tədbirdə BMA-nın professor, müəllim və tələbə heyəti iştirak edib.

Əvvəlcə təhsil ocağının prorektoru Xalq artisti, professor Yeganə Axundova çıxış edərək fransalı musiqiçiləri təqdim edib.

Kvartetin üzvləri də öz növbəsində BMA-da olduqlarından məmnunluqlarını bildiriblər.

BMA-nın tələbələri Nərminə İsmayılova, Osman Mustafazadə, Humay Hacızadə, Ərol Rzayev G.Forenin “Fortepiano kvarteti”ni, Üzeyir Mahmudbəyli, Ümid Mustafazadə, Nihad Məmmədov, Əsmər Kərimli isə A.Vebernin “6 Bagatelles” əsərlərini ifa ediblər.

Ustad dərsi zamanı tələbələrə texniki çətin hissələr üzərində çalışmağın üsulları izah olunub, ifa edərkən hər bir səsin dərinliyini anlayıb sonra dinləyiciyə ötürmək, musiqi parçasını sanki danışıq dilinə tərcümə etməyin zəruri olduğu diqqətə çatdırılıb.

Ustad dərsi tələbələr tərəfindən rəğbətlə qarşılanıb.

Nurəddin