Sərgi çərçivəsində turizm nazirlərinin sammiti keçiriləcək
   
   Rusiyanın paytaxtında keçirilən ənənəvi Moskva beynəlxalq turizm sərgisi (MİTT) bu il 20 illik yubileyini qeyd edəcək. Martın 20-dən 23-dək davam edəcək yubiley sərgisi bir sıra tədbirlərlə yadda qalacaq.
   
   Əhatə dairəsinə və iştirakçı sayına görə dünyanın 5 böyük turizm sərgilərindən sayılan MİTT sərgisi çərçivəsində keçiriləcək ən böyük tədbir isə turizm nazirlərinin sammitidir. İlk dəfə düzənlənəcək tədbirin təşkilatçısı Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, təşəbbüskarı isə Rusiya Milli Turizm Təşkilatları Assosiasiyasıdır.
   Qeyd edək ki, Azərbaycanı tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Nazirliyin Turizm şöbəsi müdirinin müavini Rauf Paşayevin qəzetimizə verdiyi məlumata görə, hər il olduğu kimi, bu il də ölkəmizin turizm imkanları MİTT sərgisində nümayiş olunacaq.
   Sammitdə beynəlxalq turizmin problemləri müzakirə olunacaq. Tədbirdə turist daşımaları həcminin genişlənməsi və infrastrukturun inkişafı üçün zəmin, mədəni və milli xüsusiyyətlərin təbliği ilə səyahətə marağın artırılması, macəra turizminin inkişafı və ayrı-ayrı ərazilərin marketinqi, informasiya texnologiyalarının turizm sektorunda tətbiqi, turistlərin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.
   
   Fəxriyyə