Azərbaycan

 

30 sentyabr 1891 – Xalq artisti Aleksey Lvoviç Qripiç (1891-1983) anadan olub. Azərbaycan Dövlət Rus Dram Teatrında (1936-1948) quruluşçu rejissor və baş rejissor işləyib.

30 sentyabr 1920 – Əməkdar incəsənət xadimi, rejissor Lətif Bəşir oğlu Səfərov (1920 – 9.12.1963) Şuşada anadan olub. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib. Azərbaycan Kinematoqrafçılar İttifaqının ilk sədri olub.

30 sentyabr 1933 – Bəstəkar, truba ifaçısı, dirijor, pedaqoq Əziz Əkbər oğlu Əzizli (1933-2005) Bakıda anadan olub.

30 sentyabr 1945 – Şair Vaqif İbrahim (Vaqif Əliyar oğlu İbrahimov; 1945-1983) Şəkidə doğulub. Kitabları: “Bu torpaqda doğulanlar”, “Dünyanın keşiyində” və s.

30 sentyabr 1950 – Bəstəkar, Əməkdar incəsənət xadimi Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli (17.4.1884 – 1950) vəfat edib. “Aşıq Qərib” operası, “Əlli yaşında cavan” musiqili komediyasının müəllifidir.

30 sentyabr 1969 – Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Sumqayıt Dövlət Gənclər Dram Teatrına görkəmli aktyor, rejissor Hüseyn Ərəblinskinin adı verilib.

30 sentyabr 1988 – Əməkdar incəsənət xadimi, rəssam Əbdülxalıq (Əbdülxalıq Əbdüləli oğlu Rzaquliyev; 5.5.1920 – 1988) vəfat edib.

30 sentyabr 1991 – Tanınmış xanəndə Səxavət Əmirxan oğlu Məmmədov (23.10.1953 – 1991) dünyasını dəyişib.

30 sentyabr 2009 – Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs  siyahısına daxil edilib. Bu barədə qərar UNESCO Hökumətlərarası Komitəsinin Abu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) keçirilən 4-cü sessiyasında qəbul edilib.

30 sentyabr 2012 – Gəncə şəhərində Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirilib. Konfransda 20-dən çox ölkədən nümayəndələr iştirak edib. Konfrans çərçivəsində keçirilən xüsusi toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təsis edilib.

30 sentyabr 2021 – Tanınmış müğənni Səyyad Əşrəf oğlu Əlizadə (6.8.1958 – 2021) vəfat edib.

30 sentyabr 2021– Azərbaycan və Özbəkistanın Əməkdar artisti Kövkəb Əliyeva (1935–2021) vəfat edib.

 

1 oktyabr 1897 – Görkəmli şairə Xurşidbanu Natəvan (1832, Şuşa –1897) vəfat edib. Sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızıdır. Şuşada “Məclisi-üns” ədəbi birliyinin yaradıcısı olub. Ağdamın “İmarət” qəbiristanında dəfn edilib.

1 oktyabr 1932 – Mədəniyyət xadimi Əkbər Fərzəli oğlu Fərzəliyev (1932-1999) Qusar rayonunda anadan olub. “Qızmar günəş altında”, “Koroğlu” və s. filmlərdə çəkilib. 1963-cü ildə Qusarda Ləzgi Xalq teatrını təşkil edib.

1 oktyabr 1949 – Əməkdar artist Almaz Əhməd qızı Mustafayeva (1949 – 26.12.2020) Ağdam şəhərində doğulub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub, filmlərdə çəkilib.

1 oktyabr 1965 – Qəzəlxan şair, Əməkdar incəsənət xadimi Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov; 18.2.1895 – 1965) vəfat edib. Nizami, Xaqani, Nəvai və b. şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

1 oktyabr 2018 – Bakı şəhərində dahi bəstəkar Qara Qarayevin Ev-Muzeyinin açılış mərasimi olub.

 

2 oktyabr 1913 – Əməkdar incəsənət xadimi, dirijor Çingiz Zülfüqar oğlu Hacıbəyov (1913 – 18.1.1971) anadan olub.

2 oktyabr 1915 – Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan “Açıq söz” qəzetinin ilk sayı çapdan çıxıb. 1918-ci ilədək nəşr olunub.

2 oktyabr 1923 – Əməkdar mədəniyyət işçisi Turan Cavid (Turan Hüseyn Cavid qızı Rasizadə; 1923 – 12.9.2004) anadan olub. C.Cabbarlı adına Dövlət Teatr Muzeyinin, Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin direktoru işləyib.

2 oktyabr 1924 – Azərbaycanda fəhlə və kəndli müxbirlərin birinci qurultayı keçirilib.

2 oktyabr 1935 – Şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Səyavuş İmran oğlu Məmmədzadə (1935 – 3.9.2022) anadan olub. Azərbaycan ədəbiyyatından rus dilinə, rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə tərcümələr edib.

2 oktyabr 1962 – Əməkdar artist Elşən Şıxəli oğlu Şirəliyev (1962 – 20.12.2021) Bakıda anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub. 

2 oktyabr 1969 – Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Seyran Əmir oğlu Qafarov (2.10.1969 – 5.11.2018) Bakıda anadan olub.

2 oktyabr 1981 – Xalq artisti, tanınmış teatr və kino aktyoru Həsənağa Dərya oğlu Salayev (5.12.1921 – 1981) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, “Görüş”, “Onu bağışlamaq olarmı?”, “Aygün” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

3 oktyabr 1875 – Yazıçı-dramaturq Süleyman Sani Rzaqulu bəy oğlu Axundov (1875-1939) Şuşada anadan olub. Yazıçının “Qorxulu nağıllar” toplusu Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır. “Laçın yuvası”, “Eşq və intiqam”, “Tamahkar” və s. pyeslərin müəllifidir.

3 oktyabr 1887 – Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (1887 – 4.11.1967) anadan olub. “Arşın mal alan” (1945) filmində Soltan bəy obrazına görə Dövlət mükafatına layiq görülüb. Bu rolu Musiqili Komediya Teatrında 600 dəfə ifa edib. “Qara daşlar”, “Ögey ana” və s. filmlərdə çəkilib.

3 oktyabr 1990 – Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Naxçıvan MR Culfa rayonu ərazisində “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

3 oktyabr 1996 – Xalq yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev (26.5.1914 – 1996) vəfat edib. “Söyüdlü arx”, “Körpüsalanlar”,  “Geriyə baxma, qoca” və s. romanların, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin müəllifidir.

 

Dünya

 

30 sentyabr 1715 – Fransız filosofu Etyen de Kondilyak (Etienne Bonnot de Condillac; 1715-1780) anadan olub.

30 sentyabr 1917 – Məşhur teatr rejissoru, Rusiyanın Xalq artisti, pedaqoq Yuri Lyubimov (1917-2014) anadan olub. Uzun illər Taqanka Teatrının rəhbəri olub.

 

1 oktyabr Beynəlxalq Musiqi Günüdür (International Music Day). UNESCO yanında Beynəlxalq Musiqi Şurasının qərarı ilə 1975-ci ildən qeyd olunur.

1 oktyabr həmçinin Beynəlxalq Ahıllar Günüdür. BMT Baş Assambleyasının 14 dekabr 1990-cı il tarixli qətnaməsinə əsasən təsis olunub. 1991-ci ildən qeyd olunur.

 

1 oktyabr 1912 – Rus tarixçisi, filosof, şair Lev Qumilyov (1912-1992) anadan olub. Qədim türk tarixinə dair əsərlərin müəllifidir: “Böyük çöl”, “Hunlar Asiya və Avropada”.

1 oktyabr 1930 – Fransız aktyoru Filipp Nuare (Philippe Noiret; 1930-2006) anadan olub.

 

2 oktyabr 1832 – İngilis etnoqrafı və yazıçısı Eduard Bernett Teylor (Edward Burnett Tylor; 1832-1917) anadan olub.

2 oktyabr 1869 – Hindistanda milli-azadlıq hərəkatının ideoloqu, filosof Mahatma Qandi (Mohandas Karamchand Gandhi; 1869-1948) anadan olub.

2 oktyabr 1914 – Məşhur sovet diktoru, SSRİ-nin Xalq artisti Yuri Levitan (1914-1983) anadan olub.

 

3 oktyabr 1895 – Rus şairi Sergey Yesenin (1895 - 27.12.1925) anadan olub. 1924-1925-ci illərdə Bakıda yaşayıb. Burada 40-dək şeirini yerli mətbuatda dərc etdirib. Mərdəkanda şairin xatirə muzeyi var.

3 oktyabr 1897 – Fransız şairi, ədəbiyyatda sürrealizmin banilərindən Lui Araqon (Alouis Aragon – Louis-Marie Andrieux; 1897-1982) anadan olub.

3 oktyabr 1919 – Məşhur Litva şairi Eduardas Mejelaytis (Eduardas Miezelaitis; 1919-1997) anadan olub.

Hazırladı: V.Orxan