Azərbaycanda arxeologiya elminin inkişafına töhfələr verən qardaş türk xalqları alimlərini xatırlayarkən ilk yada düşənlərdən biri də Krım tatarı Osman Həbibullayevdir. O, Qobustan, Mingəçevir, Naxçıvan, Örənqala arxeoloji ekspedisiyalarında çalışıb, mühüm tarixi əhəmiyyətli nümunələr üzə çıxarıb.
Osman Həbibulla oğlu Həbibullayev 28 sentyabr 1913-cü ildə Krım vilayətinin Bağçasaray şəhərində müəllim ailəsində anadan olub. Kiçik yaşlarında valideynlərini itirir və uşaq evinə verilir. İbtidai təhsilini də uşaq evində alır. Müəllimləri onda kitaba, elmə maraq oyadırlar.
Osman Həbibullayev Bağçasarayda ibtidai təhsilini başa vurduqdan sonra, Simferopol şəhərində yaşayan uzaq qohumlarının yanına gedir, orada orta təhsilini başa vurduqdan sonra bir müddət uzaq kəndlərin birində müəllim işləyir. Ancaq ali təhsili olmadığı üçün bu işdən ayrılır. Fəhləlik edir və çilingər, maşınçı və s. işlərdə çalışır.
II Dünya müharibəsi ərəfəsində Osman Həbibullayev Bakıya, buradan da Naxçıvan şəhərinə gedir. Bu qədim şəhər ilk gündən onu özünə heyran edir. O, əvvəlcə Vilayət Partiya Komitəsində texniki katib vəzifəsində işə düzəlir. Sonra isə komitənin kitabxanasına rəhbərlik edir. Eyni zamanda müəllimlər kursuna yazılır. Müəllimlər kursunu başa vurduqdan sonra orta məktəbdə müəllim işləyir.
II Dünya müharibəsi zamanı könüllü olaraq cəbhəyə gedir. Bir müddət Şimali Qafqazda vuruşur. Müharibə onu doğma Krım torpağına gətirib çıxarır. O, yurdunun faşistlərdən azad edilməsində yaxından iştirak edir. Ağır döyüşlərdə üç dəfə yaralanır. O.Həbibullayev çox gənc ikən sağlamlığını itirir və ordudan tərxis edilir. Cəbhədən Bakıya qayıdır və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə qəbul olunur. Tələbə ikən Azərbaycan EA-nın (indiki AMEA) Tarix İnstitutunda işə başlayır. Təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra institutun Arxeologiya şöbəsində Azərbaycanın qədim maddi mədəniyyət abidələrini, zəngin keçmişini öyrənmək üçün böyük səy göstərir, çöl tədqiqatlarında iştirak edir. Az vaxt içərisində Qobustan, Mingəçevir, Örənqala arxeoloji ekspedisiyalarında yaxından iştirak edir. Qısa müddətdə böyük uğurlara imza atır. Elmi axtarışlar nəticəsində nəinki Azərbaycanda, hətta bütün Qafqazda uzaq Mis dövrünə aid yaşayış yerinin qalıqlarını ilk dəfə aşkara çıxarır. Təsadüfi deyil ki, Qafqazda Mis dövrünün ilk tədqiqi O.Həbibullayevin adı ilə bağlıdır. Araşdırmalarda qeyd edilir ki, o, Naxçıvanda Babək rayonu ərazisindəki 7 min yaşı olan Kültəpə yaşayış yerindən yüzlərlə əmək aləti, gil qab, ən qədim mis əşya, silah və bəzək nümunələri aşkar edib. Onun açdığı çiy kərpic və möhrədən dairəvi şəkildə inşa edilən tikintilər Azərbaycan ərazisində üzə çıxarılan ən qədim yaşayış evləri olub. O.Həbibullayev Kültəpə abidəsində 21 metr qalınlığında mədəni təbəqə müəyyən edib. Mis-tunc dövrünə aid bu təbəqənin dərin laylarından xeyli qədim maddi mədəniyyət nümunəsi aşkara çıxarılıb. Alimin Kültəpədə aşkar etdiyi tapıntıların ikinci hissəsi Cənubi Qafqaz arxeologiyasında mühüm yer tutan “Kür-Araz mədəniyyəti”nə (İlk Tunc dövrü) aid edilib.
Kültəpə tədqiqatları əsasında O.Həbibullayev onlarca elmi əsər yazıb. Bu əsərlərdə Azərbaycanın qədim tarixinin bir sıra qaranlıq guşəsinə işıq salınıb. Eyni zamanda bu tədqiqatlar ölkəmizdə və xaricdə mütəxəssislərin böyük marağına səbəb olub. Alim 1959-cu ildə Kültəpə tədqiqatları əsasında elmlər namizədi (fəlsəfə doktoru) dissertasiyasını müdafiə edib.
O.Həbibullayevin Naxçıvan ərazisindəki tədqiqatları Kültəpə abidəsi ilə məhdudlaşmır. O, həmçinin 1969-cu ildə Qızılvəngdə Tunc dövrünə aid böyük bir yaşayış yerinin qalıqlarını aşkar edir. Daha sonra Naxçıvan ərazisində yeni bir abidədə – II Kültəpədə tədqiqatlara başlayır. Bu araşdırmalar haqqında 7 fəsildən ibarət olan sanballı monoqrafiyasını ölümündən bir müddət öncə başa çatdırsa da, elmi əsərin nəşrini görmək ona müyəssər olmur. Monoqrafiya 1982-ci ildə işıq üzü görür.
Tanınmış arxeoloq-alim 9 sentyabr 1970-ci ildə dünyasını dəyişib.
Savalan Fərəcov