“Məqsədimiz Azərbaycanın mədəniyyətini və turizmini dünyada təbliğ etməkdir”
   
   Fevralın 20-də paytaxtdakı «Şafran» mehmanxanasında «Skal İnternational Baku» Turizm Professionalları Assosiasiyasının növbəti, 13-cü toplantısı keçirildi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, nazirliyin mətbuat katibi Zöhrə Əliyeva, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, ölkəmizdə fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin, turizm qurumlarının rəhbərləri iştirak edirdi.
   
   Toplantını «Skal Bakı» klubunun prezidenti Ruslan Quliyev açaraq qurumun fəaliyyəti, gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında məlumat verdi: «Fəaliyyət göstərdiyimiz dörd il ərzində təşkilatımız «Skal İnternational»ın Sidneydə keçirilən toplantısında mükafata, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilən Milli Turizm Mükafatına (2011) layiq görülüb. Məqsədimiz Azərbaycanın mədəniyyətini və turizm potensialını dünyada təbliğ etmək, ölkəyə daha çox turist cəlb edilməsinə nail olmaqdır. Bunun üçün müxtəlif ölkələrin skal klubları ilə yaxından əməkdaşlıq edir, birgə layihələr həyata keçiririk».
   R.Quliyev qeyd etdi ki, «Skal İnternational» 110 ölkəni əhatə edir. Dünyada 750 təşkilat və 22 min insan bu qurumun üzvüdür. Təşkilat gənc turizmçilərlə işləməyə daha çox üstünlük verir. «Skal Bakı» da bu istiqamətdə fəaliyyət göstərir. Bu yaxınlarda ATİ-nin məzun və tələbələri ilə birlikdə «Young Skal» klubu təsis edilib. Bu təşkilat ilk dəfə 1999-cu ildə Türkiyədə yaradılıb.
   «Young Skal» klubu haqqında Kənan Hənifəyev məlumat verdi. Onun sözlərinə görə, «Skal Bakı»nın tərkibində yaradılmış «Young Skal»ın əsas fəaliyyəti Azərbaycan gənclərini turizm haqqında maarifləndirmək, bu sahədə çalışanların şəbəkələşməsini təşkil etmək və dünyadakı oxşar qurumlarla əməkdaşlıq qurmaqdır.
   Azərbaycan Marketinq Cəmiyyəti İdarə Heyətinin sədri Rəhim Hüseynov «Skal Bakı»nın görəcəyi işlərdən söz açdı. Bildirdi ki, təşkilat bundan sonra da əməkdaşlıq etdiyi digər qurumlarla əlaqələrini genişləndirməli, onların dəstəyini almağa çalışmalıdır.
   «Millennium» turizm şirkətinin əməkdaşı Əfqan Şahquliyev Avropa İttifaqının ali təhsil üzrə TEMPUS proqramı haqqında məlumat verdi. O bildirdi ki, bu proqramın əsas məqsədi davamlı inkişafa nail olmaq üçün modulların yaradılmasıdır.
   «Spektr» treninq mərkəzinin təlimçisi Sevinc Əli isə təmsil etdiyi təşkilatın həyata keçirdiyi təlimlər haqqında məlumat verdi.
   «Ekoturizm Azərbaycan» təşkilatının rəhbəri Elman Yusifovun «Azərbaycanın turizm potensialı» adlı kitabı iştirakçılar tərəfindən maraqla qarşılandı. Kitabı 10 illik zəhmətinin bəhrəsi hesab etdiyini deyən müəllif bildirdi ki, nəşrdə ölkəmizin flora və faunası, tarixi-mədəni abidələri, təbii landşaftları və s. haqqında ingilis və Azərbaycan dillərində məlumatlar verilib. Kitab bələdçilər, turizm şirkətləri, mehmanxana əməkdaşları üçün dəyərli vəsaitdir.
   Mədəniyyət və Turizm Nazirliyi Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov nəşrə görə müəllifə təşəkkür edərək bildirdi ki, nazirliyin əsas hədəflərindən biri ölkəmizin həm tarixi-mədəni, həm də təbiət dəyərlərini turist məhsulu müstəvisinə gətirmək, yerli və xarici ölkə vətəndaşlarına təqdim etməkdən ibarətdir: «Mədəniyyət və Turizm Nazirliyi bu kitabın hazırlanmasını dəstəkləyib. Hesab edirik ki, bu, turizm şirkətləri və hotellər üçün lazımlı bir nəşrdir. Çünki turizm şirkətlərinin hazırladığı marşrut üzrə qonağın sadəcə gəlib Azərbaycanı gəzib getməsi azdır. Ən azı 5-10 cümlə ilə proqramda təbiət və tarixi abidələri təsvir etmək, onlar haqqında məlumat vermək çox vacibdir. Ona görə də mən tövsiyə edərdim turizm şirkətləri və hotellər bu kitabdan bəhrələnsin, öz proqramlarında ondan istifadə etsinlər».
   Sonra “Skal Bakı»nın prezidenti Ruslan Quliyev tədbirin keçirildiyi «Şafran» hoteli haqqında danışdı. Bildirdi ki, hotel ötən ilin avqustundan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi lisenziyası ilə fəaliyyət göstərir. 49 otaqdan, 25-30 nəfərlik konfrans zalından ibarətdir.
   «Skal Bakı»nın prezidenti gündəlikdə duran digər bir məsələ - Azərbaycanda fəaliyyət göstərən mehmanxanalar və turizm şirkətləri arasında əməkdaşlıq imkanları, bu istiqamətdə müşahidə olunan problemlər haqqında danışdı: “Təəssüf ki, Azərbaycanda turizm şirkətləri-hotel münasibətləri hələ də istənilən səviyyəyə çatmayıb. Hotellər bizimlə əməkdaşlığa səthi yanaşırlar. Düşünürlər ki, öz məhsullarını özləri tanıda bilərlər. Amma turizm sahəsinin qanunlarından biri də odur ki, hotel turizm şirkətinin köməyi olmadan özü-özünü tanıda bilməz».
   Məsələ ilə bağlı «Exselsior Bakı», «Hilton Bakı» hotellərinin baş menecerləri çıxış edərək turizm şirkətləri ilə əməkdaşlığın onlara yalnız fayda verəcəyini bildirdilər.
   Sonda «Skal Bakı» klubu ilə Milli QHT Forumu arasında əməkdaşlıqla bağlı müqavilə imzalandı.
   
   Fəxriyyə Abdullayeva