Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Fransanın “Quatuor Diotima” kvartetinin çıxışı oldu.

Kollektiv bu gün dünyada ən çox tələb olunan kamera ansambllarından biridir. 1996-cı ildə Paris Milli Konservatoriyasının məzunları tərəfindən yaradılan ansamblın üzvləri Yun-Peng Zhao, Leo Marillier, Franck Chevalier və Pierre Morlet müntəzəm olaraq dünyanın ən yaxşı konsert salonlarında və festivallarında çıxışları ilə diqqət çəkir. Kvartet Üzeyir bəyin adını daşıyan mötəbər festivala da xüsusi proqramla gəlmişdi. G.Ligeti, L.Janacek və L.Bethovenin əsərlərini ustalıqla təqdim edən kvartetin çıxışı tamaşaçılar alqışlarla qarşıladı.

“Quatuor Diotima” konsertin finalı üçün Üzeyir Hacıbəyli yaradıcılığına müraciət etdilər. Gözlənilməz və heyrət dolu bir təqdimat. Kvartetin ifasında “Süleymani” rəqsi. Bu da ifaçıların dahi Üzeyir bəyə və ümumilikdə, musiqi mədəniyyətimizə bir minnətdarlıq jesti idi. Onlar bu məşhur rəqsimizi böyük ustalıqla təqdim edə bildilər. Auditoriya ifanı sürəkli alqışlarla mükafatlandırdı. Üzeyir Hacıbəyli festivalı çərçivəsində daha bir yaddaqalan gecə bu musiqi bayramının tarixinə öz imzasını qoymuş oldu...

Musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə kvartetin ifasını belə şərh edir: “Bethoven öz kvartetlərində bir başqa – romantik, duyğusal, gözəlliklər yaradıcısıdır. Kvartetin dramaturji mərkəzi ağır, ləng, düşüncələrlə doludur. Bu musiqini qavramaq üçün ona varmaq gərək. Janacekin simli kvarteti isə tam başqa bir aləmdir”.

Lalə