Dünya Turizm Təşkilatı 2013-cü il üçün nikbin proqnozlar verir
   
   Bu il beynəlxalq turizmdə artım müşahidə olunacaq. BMT-nin Dünya Turizm Təşkilatının (DTT) 2012-ci ilin yekunlarına dair məlumatında cari il üçün nikbin proqnozlar yer alıb. Məlumata əsasən, ötən il dünyada turist səfərlərinin sayı 4 faiz artaraq rekord göstəriciyə - 1 milyarda çatıb. Regionlar üzrə ən yüksək nəticə Asiya-Sakit okean ölkələrində (7 faiz) əldə edilib. Sonrakı yerləri Cənub-Şərqi Asiya, Şimali Afrika, Mərkəzi və Qərbi Avropa tutur.
   
   DTT-nin baş katibi Taleb Rifai bildirib ki, 2012-ci il ərzində bütün dünyada, xüsusilə Avrozonada iqtisadiyyatda qeyri-stabil vəziyyət olsa da, beynəlxalq turizm öz kursunu qoruyub saxlaya bilib: «Sektor dəyişən bazar şərtlərinə uyğunlaşmaq qabiliyyətini nümayiş etdirdi və nisbətən asta templə də olsa, 2013-cü ildə artım davam edəcək. Turizm inkişafın sütunlarından biridir və bütün dünyada hökumətlər iqtisadi artımı stimullaşdırmaq üçün bu sektoru dəstəkləməlidir».
   Dünya Turizm Təşkilatı 2013-cü ildə turizm sahəsində 3-4 faiz artım olacağını planlaşdırır. Bu proqnozu təşkilatın “Əminlik indeksi” də təsdiqləyir. “Əminlik indeksi” dünya ölkələrindən 300 ən yaxşı turizm eksperti tərəfindən tərtib edilir. Ötənilki artım proqnozları da bu indekslə proqnozlaşdırılmışdı. 2013-cü ildə ən yüksək nəticənin Asiya-Sakit okean hövzəsi (5-6 faiz), Afrika (4 faiz), Amerika regionu (3-4 faiz), Avropa (2-3 faiz) və Yaxın Şərq (0-5 faiz) əldə edəcəyi gözlənilir.
   
   Artan iqtisadiyyatlar liderliyi özlərinə qaytardılar
   
   2012-ci ildə bazar iqtisadiyyatına keçid ölkələrində uzun illər turizm sahəsində təcrübəsi olan ölkələrə nisbətən daha çox artım müşahidə olunub. Qərbi Avropanın ən çox turist səfər edən ölkələrində 3 faiz artım olub. Halbuki 2011-ci ildə 6 faiz artım qeydə alınmışdı. Həmin ölkələri ötən il 535 milyon turist ziyarət edib ki, bu da 2011-ci ilə nisbətən 17 milyon çoxdur. Mərkəzi və Şərqi Avropa daha yaxşı nəticələr əldə edib (8 faiz).
   Asiya-Sakit okean hövzəsində turist sayı ötən il 2011-ci ilə nisbətən 15 milyon nəfər artaraq 233 milyona çatıb. Cənub-Şərqi Asiya subregionlar içərisində artım səviyyəsinə görə birinci olub. Bu da turizm sahəsi üzrə regionlararası əməkdaşlıqda düzgün siyasətin həyata keçirilməsi ilə izah edilir. Artım Şimali Asiyada (6 faiz) da müşahidə olunub. Bu isə daha çox Yaponiya turizmi hesabına əldə edilib.
   Amerika regionunda artım 4 faiz olub. 2011-ci ilə nisbətən bura gələn turistlərin sayı 6 milyon nəfər artaraq ümumilikdə 162 milyon təşkil edib. Afrikanı isə rekord sayda - 52 milyon nəfər turist ziyarət edib. Yaxın Şərqdə də 5 faiz artım əldə olunub. Amma bundan əvvəlki il bu region üçün də uğurlu olmamışdı, gələn turistlərin sayı 7 faiz azalmışdı. Bu isə regionda baş verən siyasi hadisələrlə əlaqələndirilir. 

   Gəlirlər müsbət tendensiyadan xəbər verir
   
   Beynəlxalq turist gəlirləri üzrə 2012-ci ilin nəticələri bu istiqamətdə müsbət tendensiyalardan xəbər verir. Dünyanın 10 lider turizm istiqaməti içərisində ən yüksək gəlir götürən ölkə Çindir - 16 faiz. Sonrakı yerləri ABŞ (10 faiz), Böyük Britaniya (6 faiz) və Almaniya (5 faiz) bölüşdürür. Eyni zamanda dünyada əksər turist istiqamətlərində beynəlxalq turizmin gəlirləri 15 faiz və daha çox artıb. Bu siyahıya 37 faizlə Yaponiya başçılıq edir. Siyahıda sonrakı yerləri 22 faiz artımla Hindistan və Cənubi Afrika, 19 faizlə İsveçrə və Koreya Respublikası, 18 faizlə Tailand və 16 faizlə Polşa tutur.
   Ötən il turist xərcləri üzrə də yüksək nəticələr əldə edilib. Bu, ənənəvi turizm istiqamətləri üzrə daha çox müşahidə olunub. Bu baxımdan Çinin (42 faiz) və Rusiyanın (31 faiz) büdcəsi daha çox xeyir götürüb.
   İqtisadi böhrana baxmayaraq, Avropa üzrə beynəlxalq turist xərcləri Almaniyada 3 faiz artıb. Digər tərəfdən, Fransada 7 faiz, İtaliyada isə 2 faiz turist xərclərinə qənaət edilib. Amerika regionunda - ABŞ və Kanadada bu göstərici 7 faiz artıb. Vətəndaşları turist səfərlərinə ən çox pul xərcləyən ölkələr isə bunlardır: Venesuela (31 faiz), Polşa (19 faiz), Filippin (17 faiz), Malayziya (15 faiz), Səudiyyə Ərəbistanı (14 faiz), Belçika (13 faiz), Norveç və Argentina (hər biri 12 faiz), İsveçrə və İndoneziya (10 faiz).

   Fəxriyyə Abdullayeva