Sentyabrın 26-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Anım Günü münasibətilə “Zəfərə doğru 44 gün” adlı tədbir keçirilib.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci il tarixində başlanan və cəmi 44 gün davam edən Vətən müharibəsi 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığı ilə nəticələnib.

Muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva dövlətçilik tariximizin ən şərəfli səhifələrindən olan Vətən müharibəsindən, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığından danışıb.

Daha sonra şəhid musiqiçi Tamerlan Mahmudovun xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin bədii rəhbəri Əməkdar incəsənət xadimi Əlibala Rzayev orkestrin tuba ifaçısı olmuş Tamerlan Mahmudov haqqında xatirələrini bölüşüb.

Sonra orkestr tərəfindən T.Məmmədovun iştirakı ilə dəfələrlə səsləndirilmiş əsərlərdən ibarət musiqi proqramı təqdim edilib.