Ötən həftəsonu bu məkana iki min nəfər səfər edib
   
   Yanvarın 19-dan etibarən turistlərin istifadəsinə verilən «Şahdağ» Qış-Yay Turizm Kompleksində ötən həftəsonu istirahət edənlərin sayı 2 min nəfər olub.
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bildirib ki, bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi turizm şirkətlərinə müraciət edərək kompleksə gələcək insanlarla bağlı bəzi məlumatların onlara əvvəlcədən bildirilməsini istəyib: «Biz müraciət edərək bildirmişik ki, şirkətlər əvvəlcədən gələn insanların sayı, boyu, ayağının ölçüsünü dəqiqləşdirsinlər. Çünki orada hər adama xidmət 40 dəqiqə vaxt aparır».
   Nazir qeyd edib ki, kompleksin hələlik bir hissəsi istifadəyə verilib və burada 40 otaq (hotel nömrəsi) var. Şənbə və bazar günləri isə kompleksə 2 minədək adam gəlir. Kompleksdə 600-700 xizək var. Xizəklə sürüşmək çox məsuliyyətli və travmatik idman növü olduğundan kompleksdə qonaqların hər birinə məsuliyyətlə yanaşılır.
   
   Menyuda və digər xidmətlərdə endirim
   
   «Şahdağ» kompleksinə turist cəlbini artırmaq üçün yeni, endirimli qiymətlər təklif edilir. Kompleksin müdiriyyətindən verilən məlumata görə, həm menyuda, həm də təklif edilən digər xidmətlərdə endirim edilib. “Şahdağ”da istirahət edənlərin əksəriyyəti yerli vətəndaşlardır. Kompleks rəhbərliyi onların maddi vəziyyətini və turist axınını nəzərə alaraq bu addımı atmaq qərarına gəlib.
   Qeyd edək ki, Qusar rayonunda «Şahdağ» Qış-Yay Turizm Kompleksinin inşasına 2009-cu ilin sentyabrında başlanılıb. Kompleksin tikintisinə nəzarəti həyata keçirmək üçün Mədəniyyət və Turizm Nazirliyinin tərkibində müvafiq müdiriyyət yaradılıb. İnşaat işlərində dünyanın aparıcı şirkətləri iştirak edir. Dəniz səviyyəsindən 1300-2351 metr hündürlükdə yerləşən kompleksin ümumi ərazisi 2058 hektardır və ekoloji sistemi, təmiz flora və faunası ilə məşhur olan “Şahdağ” Milli Parkının ərazisində yerləşir.
   Ötən il dekabrın 20-də ölkə başçısının iştirakı ilə kompleksin birinci mərhələsi üzrə bəzi infrastruktur obyektlərinin açılışı olub. İkinci mərhələdə isə yeni kanat yolları, qolf meydançası və restoranı olan klubun, 4 ulduzlu mehmanxana, kiçik mehmanxanalar, pansionat və idman qurğularının daxil olduğu «Şahdağ» Gənclər Mərkəzi, 900 nömrəlik “Relaks” mehmanxana şəbəkəsi və s. tikintisi nəzərdə tutulub. Üçüncü və dördüncü mərhələdə yol, istirahət və əyləncə yerləri şəbəkələrinin genişləndirilməsi planlaşdırılır.

    Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar