Bütün ümumiləşdirmələrdən sonra layihə Milli Məclisə təqdim ediləcək
   
   Xəbər verdiyimiz kimi, «Turizm haqqında» yeni qanun layihəsi ictimaiyyətin müzakirəsinə verildikdən sonra sənədə təkliflər əlavə edilib və ingilis dilinə tərcümə olunaraq Dünya Turizm Təşkilatına göndərilib.
   
   Avropa standartlarına uyğun, eyni zamanda Azərbaycan qanunvericiliyinin tələbləri çərçivəsində hazırlanan layihəni müzakirə etmək üçün bu günlərdə Dünya Turizm Təşkilatının hüquq məsələləri üzrə müşaviri xanım Jaklin Duqal ölkəmizdə səfərdə oldu.
   Qeyd edək ki, Jaklin Duqal Mədəniyyət və Turizm Nazirliyi və Dünya Turizm Təşkilatı arasında imzalanmış sazişə əsasən yeni qanun layihəsinin beynəlxalq standartlara uyğun hazırlanmasında iştirak edir. Nazirliyin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Fikrət Məmmədovun qəzetimizə verdiyi məlumata görə, xanım Duqal səfər çərçivəsində bir sıra görüşlər keçirib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüş zamanı nazirliyin və ümumilikdə turizm sənayesinin yeni qanundan gözləntiləri diqqətə çatdırılıb, eyni zamanda Azərbaycanda turizmin orta və uzaq perspektivlərdə əsas inkişaf planları haqqında qonağa məlumat verilib.
   Jaklin Duqal Turizm şöbəsində görüş keçirib. DTT nümayəndəsi bütün görüşlərdə səslənən rəy və təkliflərin toplanılaraq yeni layihəyə əlavə ediləcəyini bildirdi. DTT mütəxəssislərinin yeni əlavələrindən sonra layihə nazirlikdə bir də baxılaraq müvafiq qurumlara göndəriləcək. Bütün ümumiləşdirmələr yekunlaşdıqdan sonra qanun layihəsi Milli Məclisə təqdim ediləcək.
   
  Fəxriyyə Abdullayeva