Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi sentyabrın 25-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən “Art Ordo – 2023” IX Beynəlxalq Teatr Festivalında iştirak edib.
Kollektiv Elşad Rəhimzadənin Ülviyyə Heydərovanın "İnanıram" əsəri əsasında hazırladığı eyniadlı monotamaşa ilə çıxış edib.
Qırğızıstanın görkəmli teatr və kino aktrisası, keçmiş SSRİ-nin Xalq artisti Baken Kıdekeyevanın (1923-1993) 100 illiyinə həsr olunan festivalda yaradıcı heyət xüsusi mükafata, teatrın aktrisası Zemfira Əbdülsəmədova isə ana roluna görə "Ən yaxşı qadın" nominasiyası üzrə mükafata layiq görülüb.
Tamaşa müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir. Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən yamacda təkbaşına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən anasının çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Qadın isə ürəyindəki dərin ağrı və qəbul etdiyi qəti qərarla ağacın kölgəsinə geri dönür...
Səhnə əsəri Vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və onların analarına həsr olunub.