İlkin Rüstəmov: “Məqsədimiz məzunlarımızın karyera qurmasına kömək göstərməkdir”
   
   Yeddi ildir fəaliyyət göstərən Azərbaycan Turizm İnstitutu ölkəmizin təhsil sistemində müxtəlif yeniliklərə imza atıb. İnstitutun artıq üç məzun buraxılışı olub, 500-ə yaxın məzunun əksəriyyəti Bakı və regionlardakı hotellərdə, turizm şirkətlərində çalışır. Ötən ilin martında təhsil ocağının rəhbərliyinin və bir qrup məzunun təşəbbüsü ilə Azərbaycan Turizm İnstitutu Məzunlar Assosiasiyası (ATİMA) yaradılıb. Qurum institutu bitirənlərə karyera qurmaqda kömək məqsədilə müxtəlif layihələr həyata keçirir.
   
   ATİMA-nın sədri İlkin Rüstəmovla söhbətimiz də bu barədə oldu. İ.Rüstəmov ATİ-nin ilk məzunlarındandır, “Fairmont Bakı” hotelində satış üzrə menecer vəzifəsində çalışır. Müsahibimiz əvvəlcə ATİMA-nın yaranması haqqında danışdı:
   - 2012-ci ilin iyun ayında Ədliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçmişik. Assosiasiya ATİ ilə sıx əməkdaşlıq prinsipləri əsasında fəaliyyət göstərir. Əsas məqsəd ictimai bir qurum kimi Azərbaycan Turizm İnstitutunun məzunlarının qarşılıqlı fəaliyyətlərini əlaqələndirməkdir. Bu məqsədə çatmaq üçün qurum 4 prioritet istiqamət müəyyən edib. Bunlardan birincisi müxtəlif turizm ixtisaslı peşə sahələrində çalışan məzunlarımız üçün treninq, seminar, konfrans və digər tədbirlər təşkil etməklə onları təmsil etdikləri sahələrdə dəstəkləmək və karyera inkişaflarını stimullaşdırmaqdır. Bu tədbirlər vasitəsilə məzunlar arasında ümumi yoldaşlıq əlaqələrini gücləndirib onların fəaliyyət şəbəkələrini genişləndirmək niyyətindəyik.
   İkinci mərhələdə məzunların vahid informasiya məlumat bazasını yaradaraq vaxtaşırı yenilənən məzun məlumatlarını və xəbərləri saytımıza yerləşdirəcəyik. Hər bir məzun xüsusi giriş şifrəsi ilə bu sayta daxil ola biləcək. Beləliklə, daim yenilənən elektron məlumat şəbəkəsi yaradılacaq.
   Üçüncü prioritet istiqamət ATİMA Məşğulluq Mərkəzinin («ATİMA Career Center») fəaliyyətinin təşkili ilə bağlıdır. Mərkəz müxtəlif turizm sahələrini təmin edən şirkətlərlə sıx koordinasiyalı şəkildə fəaliyyət göstərir və vakansiya elanları barədə məzunlarımıza e-mail göndərişlərini və internet səhifəmizdə mütəmadi yerləşdirilmələrini həyata keçirir. Bundan əlavə, biznes sahəsinin nümayəndələri kimi məzunların ATİ-nin tədris mühitinə verə biləcəkləri töhfələri daim nəzərdən keçirmək, bu fəaliyyəti koordinasiya etmək, məzunların institutun ictimai həyatında iştirakını təşviq etmək niyyətindəyik.
   - Fəaliyyət göstərdiyiniz bir ildə hansı işləri görmüsünüz?
   - Əsasən turizm müəssisələri ilə sıx əlaqədə işləyirik. Şəhərimizdə fəaliyyət göstərən bir neçə brend hotelin baş menecerlərini ATİ-yə dəvət edərək, onların institut rəhbərliyi və ictimaiyyəti ilə görüşünü təşkil etmişik. Ötən yay «Hotel peşəkarlarının turizm treninqi» («ATİMA Professional hotels training») adlı layihə həyata keçirdik. Layihə çərçivəsində «Fairmont Bakı» hotelinin rezervasiyalar üzrə meneceri, «For Seasons» hotelinin hauskipinq direktoru, «Şeraton» hotelinin satış və marketinq direktoru, «Abşeron Mariott» hotelinin qida və içkilər şöbəsinin direktoru, «Jumeirah Bilgah Beach» hotelinin əməliyyat bölməsinin rəhbəri bizim dəvətimizlə, hər biri 2 gün olmaqla, institutun tələbə və məzunları üçün treninqlər keçdilər. Onlar öz sahələrində peşəkar turizm mütəxəssisləridir. Özləri ilə əyani vəsaitlər gətirmişdilər, prezentasiyalar hazırlamışdılar, tələbələrlə öz təcrübələrini bölüşdülər. Bu da onların gələcəkdə özlərinə karyera qurması üçün çox önəmlidir. Belə layihələrimizi davam etdirmək niyyətindəyik.
   - Bu treninqlər zamanı aktiv tələbə və məzunlardan hotellərin rəhbərliyi tərəfindən iş dəvəti alanlar olurmu?
   - Bəli, belə faktlar olur. Tələbə və məzunlarımız öz ağıllı sualları, interaktiv bilikləri ilə diqqəti cəlb edirlər. Elə yerindəcə hotel menecerləri onların koordinatlarını alıb, sonradan işə dəvət edirlər. Bakıda fəaliyyət göstərən bütün hotellərdə peşəkar, bacarıqlı kadrlara ehtiyac var. Mən özüm də bu sənayenin içərisində olduğumdan bilirəm ki, dil qabiliyyəti, intellektual səviyyəsi yüksək olan bakalavr dərəcəli məzunlarımıza ehtiyac böyükdür. İstəyimiz də odur ki, turizm ixtisasına yiyələnmiş kadrlar bu sahədə yüksək vəzifələr tuta bilsinlər. Biz bunun üçün assosiasiya olaraq əlimizdən gələni edirik.
   Qeyd etdim ki, ATİMA Məşğulluq Mərkəzi («ATİMA Career Center») fəaliyyət göstərir. Müxtəlif şirkətlərlə korporativ münasibətlər qurmağa cəhd edirik. Onlara Turizm İnstitutunda tədrisin keyfiyyəti, kadrların hərtərəfli yetişdirilməsi barədə məlumatlar veririk. Sonra həmin müəssisələrdə olan kadr tələbatı barədə məlumatları Facebook səhifəmizdə yerləşdiririk. Eləcə də ATİ-nin internet saytında «Məzunlar assosiasiyası» bölməsi var. Media və emaillər vasitəsilə işlə bağlı əlimizdə olan məlumatları məzunlara ötürürük.
   - Azərbaycanda fəaliyyət göstərən hansı tanınmış hoteldə ATİ-nin məzunları çalışır, bu barədə konkret rəqəm söyləyə bilərsinizmi?
   - «Fairmont Baku», «Jumeirah Bilgah Beach», «Hilton Baku», «Abşeron Mariott», «Kempinski Badamdar», «Şeraton», “Four Seasons Hotel Baku”. Bunlar şəhərimizdə olan ən məşhur hotel brendləridir. Bu hotellərin hər birində bizim məzunlarımız var. Onlar çox uğurla çalışırlar. Bundan başqa, fəal turizm şirkətlərində də ən azı 1-2 məzunumuz çalışır.
   - Gələcəkdə hansı layihələri həyata keçirməyi nəzərdə tutursunuz?
   - Turizm şirkətləri ilə əməkdaşlığı gələcək fəaliyyətimizin prioritet istiqamətlərindən biri kimi görürük. Bu bizə nə verəcək? Birincisi, biz onlar haqqında daha ətraflı məlumatlar alacağıq. Onlarda olan iş şəraiti, imkanları barədə məlumatımız olacaq və vaxtaşırı vakansiyalar barədə xəbərləri öz məzunlarımıza ötürə biləcəyik. Digər tərəfdən isə bu şirkətlərin karyera artım perspektivləri ilə bağlı məlumatlar əldə edirik ki, görək məzunlarımızı burada nə gözləyir. Biz məzunlarımıza karyera sahəsində nə kimi dəstək verəcəyimiz barədə araşdırma aparır, tez-tez onlarla görüşürük. Yeni açılan turizm müəssisələrinə məzunlarımızı yönləndiririk. ATİ ilə yaxından əməkdaşlıq edirik. Burada tədrisin keyfiyyətinin daha da yüksəldilməsi üçün müxtəlif turizm sənayesi mütəxəssislərini tədrisə cəlb edəcəyik. Tələbələrin praktik biliklərinin yüksək olması vacib şərtdir. Bu istiqamətdə artıq işlər başlayıb, uğurla davam edir.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar