Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri “Code Academy” ilə Elm və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Code for future” layihəsi barədə məlumatlandırılıb.

Bu barədə AzMİU-dan bildirilib. Tədbirdə sosial məsələlər üzrə prorektor Orxan Naqdiyev AzMİU ilə “Code Academy” arasında uğurlu əməkdaşlıqdan danışıb.

“Code For Future” layihəsinin təhsil meneceri Şəhriyar Məmmədli və Ülvi Səfərov layihə barədə tələbələrə məlumat verib, onları bu şansdan yararlanmağa çağırıblar.

Qeyd edək ki, ixtisaslı mütəxəssislər tərəfindən idarə edilən layihə tələbələrə informasiya texnologiyaları, mühəndislik və memarlıq sahələrində ödənişsiz dərs almaq imkanı ilə yanaşı, nəzəri və praktiki təcrübə qazandıracaq.

Layihədə iştirak etmək istəyən tələbələr qəbul imtahanına dəvət olunacaq. İmtahandan uğurla keçənlər isə tədrisə cəlb olunacaqlar. Layihənin sonunda tədrisi uğurla bitirən tələbələr beynəlxalq sertifikat və “Code Academy” şirkətinin diplomunu almaq şansı əldə edəcəklər.