Olaylar, faktlar (3–5 oktyabr)
5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. 1966-cı il oktyabrın 5-də UNESCO-nun qərarı ilə təsis edilib.
441 il əvvəl...
4 oktyabr 1582-ci ildə Roma Papası XIII Qriqorinin qərarı ilə Avropada yeni təqvimə keçid başlanıb. Qriqorian təqvimi adını alan yeni təqvim köhnədən 10 gün irəli (4 oktyabrından sonra növbəti gün 15 oktyabr oldu) idi. Azərbaycanın da daxil olduğu keçmiş Rusiya imperiyasının ərazisində yeni təqvimə keçid 1918-ci ilin əvvəlində baş verdi.
122 il əvvəl...
5 oktyabr 1901-ci ildə Bakıda müsəlman qızlar üçün ilk təhsil ocağı – Qızlar Məktəbi açılıb. Məktəb maarifpərvər ziyalı Həsən bəy Zərdabinin təşəbbüsü ilə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilmişdi. Məktəbin direktoru H.Zərdabinin həyat yoldaşı Hənifə Məlikova-Zərdabi idi.
66 il əvvəl...
4 oktyabr 1957-ci ildə SSRİ-də dünyanın ilk süni peyki – “Sputnik-1” kosmosa çıxarılıb. Atom bombasının hazırlanmasında ABŞ-dən geri qalan SSRİ kosmosun fəthində birincilik əldə etmişdi.
33 il əvvəl...
3 oktyabr 1990-cı ildə Qərbi və Şərqi Almaniya (ADR və AFR) birləşərək vahid dövlət olub. II Dünya müharibəsindən sonra SSRİ, ABŞ, Britaniya, Fransa arasında sektorlara bölünən Almaniya ərazisində 1949-cu ildə Almaniya Demokratik Respublikası (sovet sektorunda, 108 min kv km) və Almaniya Federativ Respublikası (Qərb sektoru, 255 min kv km) yaranmışdı.
30 il əvvəl...
3 oktyabr 1993-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. 1993-cü il iyunun 24-də Milli Məclis tərəfindən Əbülfəz Elçibəyin prezident səlahiyyətlərindən mərhum edilməsi və avqustun 29-da bununla bağlı referendum keçirilməsindən sonra növbədənkənar seçkilər elan edilmişdi.
***
4 oktyabr 1993-cü ildə Moskvada iki həftəyə yaxın sürən prezident-parlament qarşıdurması güc tətbiqi ilə başa çatıb. Prezident Yeltsin tərəfindən buraxılmış Ali Sovetin tərəfdarlarının silaha əl atmasına cavab olaraq şəhərə hərbi qüvvələr yeridilib, parlament binası topa tutulub. Ali Sovetin sədri R.Xasbulatov, qiyama dəstək verən vitse-prezident A.Rutskoy və başqaları həbs edilib. Bu hadisədən sonra Rusiyada sovetlərin mövcudluğuna rəsmən son qoyuldu. 1993-cü il dekabrın 12-də yeni Konstitusiya qəbul olundu və qanunverici orqan kimi Dövlət Duması təsis edildi.
29 il əvvəl...
4-5 oktyabr 1994-cü ildə Bakıda və Gəncədə dövlət çevrilişinə cəhdin qarşısı alınıb. Çevrilişə hazırlıq oktyabrın 3-də DİN-in Xüsusi Təyinatlı Polis Dəstəsinin rəhbəri Rövşən Cavadov və qardaşı, Xətai rayonunun prokuroru Mahir Cavadovun Respublika Prokurorluğuna basqını ilə başlamışdı. Oktyabrın 4-də baş nazir Surət Hüseynovun göstərişi ilə silahlı dəstələr Gəncədə hakimiyyəti devirməyə cəhd etdi. Prezident Heydər Əliyevin qətiyyəti sayəsində bunun qarşısı alındı. Oktyabrın 4-ü gecə Heydər Əliyevin çağırışı ilə Prezident Aparatının binası önünə toplanan on minlərlə insan dövlət başçısına dəstək verdi. 5 oktyabrda “Azadlıq” meydanında mitinqdə çıxış edən Heydər Əliyev dövlətçiliyin müdafiəsinə qalxdığına görə Azərbaycan xalqına təşəkkür etdi.
Hazırladı: V.Orxan