“Musiqimizin bütün dünyada səslənməsi mənim üçün qürurvericidir”

 

Xəbər verdiyimiz kimi, sentyabrın 30-da Moskvadakı “Zaryadye” konsert salonunun Kiçik zalında gənc azərbaycanlı dirijor Murtuza Bülbül Dövlət Kreml Orkestrinin kamera heyəti ilə birgə “Müəllim və yetirmələri” adlı konsert proqramı ilə çıxış edib.

Konsertdə Dmitri Şostakoviçin “Kamera orkesti üçün simfonifya”, Qara Qarayevin “Kamera orkestri üçün III simfoniya”, Georgi Sviridovun “Kamera orkestri üçün musiqi” əsərləri səslənib.

 “Məlumdur ki, Qara Qarayevin “III simfoniyası” təkcə Azərbaycan musiqi sənətində deyil, bütöv Sovet İttifaqının musiqi tarixində əlamətdar hadisə olub. Moskva dünyanın mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan musiqisi Rusiya səhnəsində əhəmiyyətli yer tutur. Bir çox görkəmli bəstəkarlarımız, o cümlədən Qara Qarayev, Cövdət Hacıyev Moskva klassik musiqi məktəbinin yetirmələridir. Azərbaycan və Rusiya mədəni mühitini hər zaman belə şəxsiyyətlər birləşdirib. Azərbaycan musiqisinin bütün dünyada, eləcə də Moskvada səslənməsi mənim üçün qürurvericidir”, – deyə Murtuza Bülbül konsertdən əvvəl AZƏRTAC-a müsahibəsində bildirib.

Dirijor Dmitri Şostakoviç bəstəkarlıq məktəbinin ardıcıllarından biri olan dahi Qara Qarayevin yaradıcılığına bir daha müraciət etməklə Azərbaycan klassik musiqisinin dünyada tanıdılmasına töhfə vermək istədiyini deyib.

Gənc azərbaycanlı dirijorun rəhbərliyi ilə Dövlət Kreml Orkestrinin konserti böyük uğurla keçib. Tamaşaçılar dahi bəstəkarların sevilən əsərlərini yeni nəfis ifada sürəkli alqışlarla qarşılayıblar.

Murtuza Bülbül dahi müğənni Bülbülün nəvəsi, Azərbaycanın Xalq artisti, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun oğludur. P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Opera-simfonik dirijorluğu fakültəsinin tələbəsidir.