Fevralın 28-də paytaxtın «Divan Express» mehmanxanasında «INFLOT Cruise & Ferry» şirkətinin və «Millennium Tourism & Congress DMC»nin təşkilatçılığı ilə kruiz səfərlərinin təşkili ilə məşğul olan şirkətlərin təqdimatı keçirildi. Tədbirdə Azərbaycanın aparıcı turizm firmaları və bu sahədə faliyyət göstərən qurumların nümayəndələri iştirak edirdilər.
İki hissədən ibarət olan tədbirin birinci hissəsində dünyanın kruiz səyahətinin təşkili ilə məşğul olan tanınmış şirkətlərinin təqdimatı oldu. «INFLOT Cruise & Ferry»nin aparıcı meneceri Olqa Uşakova əməkdaşlıq etdikləri «Royal Caribbean International» (Amerika), «Celebrity Cruises», «Azamara Club Cruises», «Pullmantur» (İspaniya), «Costa Cruises» (İtaliya) və «Norwegian Cruise Line» (Norveç) turizm şirkətləri barədə geniş məlumat verdi. Onun sözlərinə görə, kruiz səyahətinə insanların hər zaman marağı olub. Elm və texnika inkişaf etdikcə, insanların təhlükəsizliyi daha etibarlı vasitələrlə təmin edildiyindən, dəniz vasitəsilə səyahətə çıxmaq geniş vüsət almağa başlayıb.
Qeyd olundu ki, «INFLOT Cruise & Ferry» şirkəti dünyanın demək olar ki, bütün sahilyanı ölkələrinə kruiz səfərləri təşkil edir və bu işdə onlara əməkdaşlıq etdikləri şirkətlər kömək edir: «Azərbaycanda da «Millennium Tourism & Congress DMC» ilə əməkdaşlıq barədə razılığa gəlmişik. İnanıram ki, bu şirkət bizim etibarlı tərəfdaşlarımızdan biri olacaq».
Tədbirin ikinci hissəsində Azərbaycan turoperatorları üçün dəniz gəzintiləri barədə məlumatları əks etdirən «Sruising for excellence» proqramı üzrə treninqlər keçirildi. Treninqləri «INFLOT Cruise & Ferry» şirkətinin baş direktoru Aleksandr İvanov, aparıcı meneceri Olqa Uşakova və «Millennium» turizm şirkətinin əməkdaşı Yuliya Konoplyanko aparırdı.
Tədbirdən sonra Aleksandr İvanov qəzetimizə açıqlamasında Azərbaycanın dəniz turizmi baxımından böyük imkanlara malik olduğunu bildirdi. Onun sözlərinə görə, adətən kruiz səyahətləri sahilyanı ölkələrə təşkil olunur: «Azərbaycanın da coğrafi mövqeyi buna imkan verir. Ümumiyyətlə, ölkəniz çox gözəldir. Xüsusilə Bakı şəhəri çox modern və klassik şəhərdir. Burada turizmin bütün növlərinin inkişafı mümkündür».
Fəxriyyə Abdullayeva